40 yaşın mübarək, “Azərbaycan İES”!
Tikintisinin 40 illik yubileyi ilə əlaqədar, bu günlərdə Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru hörmətli Şahin Bayramovun təşəbbüsü ilə, MDU-nun bir qrup professor-müəllim heyəti, məzun və tələbələri, eləcə də, iki nəfər türkiyəli alim “Azərbaycan İES” MMC-yə yollandıq, müəssisənin ərazisi, sex və sahələri ilə tanış olduq və sonda dəyirmi masa arxasında təəssüratlarımızı bölüşüb, tövsiyələrimizi çatdırdıq. Yeri gəlmişkən, bizə verilən bu imkana görə “Azərbaycan İEM” MMC-nin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
Azərbaycanın elektrik enerjisinə olan tələbatının 40%-ni təmin edən belə nəhəng müəssisədə səliqə-səhman, zövq oxşayan estetika, sanitar epidemioloji və texniki vəziyyəti müasir dövrün tələblərinə uyğun ən yüksək səviyyədə görəndə xəyalən 20-30 il öncəki vəziyyətlə müqayisə edib, böyük qürur hissi keçirdim. Axı mənim bütün gəncliyim burada keçmiş, gələcək üçün xəyallarım, arzularım, bəzi nailiyyətlərim bura ilə bağlı olmuşdur.
Mən 1 sentyabr 1975-ci ildən “Tikilməkdə olan Azərbaycan DRES”ə (Azərbaycan DRES – Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası – indiki Azərbaycan İES) işə qəbul olunmuşam. İşə başlayanda təcrübə qazanmaq üçün “Əli Bayramlı DRES”-ə (indiki Cənub İES) göndərildim. 1978-ci ilin yanvarında geri çağrılaraq, Buraxılış qazanxanasında rəis müavini kimi fəaliyyətə başladım. Yeri gəlmişkən onu da onu qeyd edim ki, mən işə qəbul olunanda müəssisənin 30 nəfərə yaxın işçisi var idi və bildiyimə görə onların hamısı dünyasını dəyişib.
“Tikilməkdə olan Azərbaycan DRES”in tikintisi 1974-cü ildə başlasa da, iş Respublikanın daxili vəsaiti hesabına aparıldığı üçün nisbətən zəif sürətlə gedirdi. 1979-cu ildə Ulu Öndərimiz Heydər Əliyev cənablarının uğurlu fəaliyyəti nəticəsində tikinti SSRİ Nazirlər Kabineti tərəfindən təsdiq edildi və lazımi vəsait ayrıldı. Bununla da tikinti-quraşdırma işləri geniş vüsət aldı və nəticədə 1981-ci ilin 20 oktyabrında 300 MVt gücündə ilk enerji bloku istismara təhvil verildi.
Müəssisənin birinci növbəsinin tikintisi üçün 4 blok nəzərdə tutulsa da, sonradan ikinci növbədə daha 4 və üçüncü növbə üçün 2 blokun tikilməsinə qərar verildi. Bunun bir səbəbi də Azərbaycan quraşdırıcılarının o vaxtadək görünməmiş sürətlə (bir ildə bir blok) tikintini başa çatdırmaları idi.
“Tikilməkdə olan Azərbaycan DRES”də böyük əməyi olan insanların xatırlanması şərəfinə onların zəhmətindən bəzi məqamları diqqətə çatdırsaq, elə bilirəm ki, gənclərimiz üçün örnək ola bilər.
Çox ağır iş və yaşayış şəraitimiz var idi. 1978-ci ildə qəsəbədə cəmi iki bina (85 mənzilli) tikilmiş, üçüncüsü isə tikilməkdə idi. Blokların yerində isə torpaq hamarlama işləri aparılırdı. Yaxınlıqda nə mağaza, nə bazar, nə də ictimai-iaşə obyektləri var idi. Şəhərarası trolleybusa minmək üçün Gəncə dairəsinə qədər piyada getməli olurduq. Yağışlı günlərdə rezin çəkməsiz gəzmək mümkün deyildi. Podratçı təşkilatlara nisbətən müəssisənin öz işçilərinin vəziyyəti daha ağır idi. Belə ki, maaşlar çox aşağı, tələb yüksək, iş şəraiti ağır, iş vaxtı üçün heç bir norma yox və s. çətinliklər mövcud idi. Vəzifə borcumuzun icrası ilə yanaşı, bəzən yükboşaldan fəhlə, bəzən çilingər, bəzən də kommunal sahənin xidmətçisi kimi fəaliyyət göstərməli olurduq. Bu ağır şəraitə duruş gətirə bilməyimiz üçün bir stimulumuz vardı. Axı biz, Qafqazın enerji nəhəngi – Azərbaycan DRES tikintisinin fədakarları idik və gələcəyə böyük ümidlə baxırdıq.
Birinci blok istifadəyə veriləndə kifayət qədər təcrübəli kadrlar olmadığından bəzi bacarıqlı işçilərin məsuliyyəti daha böyük idi. Belə ki, istismar işləri ilə paralel olaraq, yeni quraşdırılmış avadanlıqların yoxlanılıb qəbul olunması, təmirin təşkili, təmir işlərinə nəzarət və ən başlıcası kadrların hazırlanması az sayda təcrübəli işçilərin öhdəsinə düşürdü.
Fürsətdən istifadə edib özümlə əlaqədar, bəlkə də unudulmuş, bəzi məqamları yada salmaq istəyirəm.
İlk enerji bloku Dövlət Komissiyasının xüsusi tapşırığı ilə (“Blok duzsuzlaşdırma qurğusu (BDQ) qısa müddətə işə qoşulmalıdır!”) istismara qəbul olunmuşdu. BDQ-siz blokun istismara qəbulu kompleks sayılmırdı. Təcili şəkildə bu sahəyə mütəxəssislər cəlb olundu, ancaq bir nəticə əldə olunmadı. Sonra məni bu işə cəlb etdilər. Sutkada 16 saat işləməklə iki həftəyə BDQ-ni işə qoşdum və blok kompleks istismara qəbul olundu.
İstismara qəbul olunduqdan sonra müəssisə “Azərbaycan DRES” adlandırıldı. Burada çalışdığım dövrdə otuzdan artıq səmərələşdirici təklifim istehsalatda tətbiq olunmuş və onlardan bəziləri indi də səmərə verməkdədir. Təvazökarlıqdan uzaq olsa da bidirim ki, bu müəssisədə işlədiyim müddətdə bir çox ilkə imza atmışam.
1986-cı ilin noyabr bayramı (“7 Noyabr”) ərəfəsi idi. Mən o vaxt İTM MDTS-nin rəis müavini işləyirdim. Xəbər gəldi ki, dövran nasosu 2B-nin valı qırılıb və təmiri bizim sahəyə tapşırılıb. Həmin vaxta qədər bu işi Bakı sahəsinin mütəxəssisləri yerinə yetirirdi. Onlarla əlaqə saxladıq, yalnız bayramdan sonra gələ biləcəklərini dedilər. Enerji çatışmazlığına görə gözləmək mümkün deyildi. Texniki proseslə tanış oldum və bu işi öz öhdəmə götürərək müvəffəqiyyətlə yerinə yetirdim.
Həmin il 4-cü enerji blokunda bəsləyici nasosun mühərriki rekonstruksiya olunub, dəyişdirilməli idi. Birinci üç blokda bu işi İTM-in Bakı sahəsinin mütəxəssisləri aparmışdı. Bu dəfə tapşırıq bizim öhdəmizə düşdü. Onu da qeyd edim ki, fırlanan mexanizmlərin təmiri, xüsusən mühərriklə mexanizmin mərkəzləşdirilməsi məsələsi xüsusi bacarıq tələb edən məsiliyyətli bir işdir. Burada 10 mikrondan aşağı dəqiqlik tələb olunur. Bəzi rəhbər işçilərin narazılığına baxmayaraq, mən həmin işi də öhdəmə çəkib layiqincə yerinə yetirdim.
“Azərbaycan İES” MMC-nin bu günkü səviyyəyə çatmasında bir çox insanların böyük əməyi olmuş və söz yox ki, onların hər biri kifayət qədər maraqlı xatirələrin daşıyıcılarıdır. Yaxşı olardı ki, mütəmadi olaraq belə insanlarla gənc mütəxəssislərin görüşləri təşkil edilsin. Bunun həm gənclərə xeyri olar, həm də yaşlı insanlara müəyyən qədər yaşam stimulu verər.
Sonda “Energetiklər günü” münasibətilə öz adımdan, veteran energetiklər adından, eləcə də, hazırda çalışdığım MDU-nun “Energetika” kafedrasının kollektivi adından Azərbaycanımızın bütün energetiklərini ürəkdən təbrik edirəm! Bu şərəfli işdə hər birinizə böyük uğurlar diləyirəm!
40 yaşın mübarək, doğma “Azərbaycan İES”!
Əbülfət Ədilov,
Mingəçevir Dövlət Universiteti
Energetika kafedrasının müəllimi
{phocagallery view=category|categoryid=708|limitstart=0|limitcount=0}