Milli Qurtuluş günü dövlətimizin müstəqilliyinin qorunub saxlanmasının təminatı oldu

  • Post category:Xəbərlər (AZ)

Milli Qurtuluş günü dövlətimizin müstəqilliyinin qorunub saxlanmasının təminatı oldu

Ötən əsrin sonlarında sabitlik və əmin amanlıq şəraitində yaşayan Azərbaycan xalqı qəflətən qonşu dediyimiz erməni daşnaklarının elansız hücumlarına məruz qalmışdı. Həmin dövrdə daşnaklar Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılara işgəncələr verməklə onları yurd yuvalarından didərgin saldıqdan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda davamlı olaraq sakiinlərə qarşı vəhşiləşmiş terror, silahlı hücumlar tətbiq etməklə xalqın dinc həyatını pozmuşdu. Azərbaycan həmin dövrdə çox çətin vəziyyətdə idi. Ölkədə artıq hakimiyyət dövləti idarə edə bilmir, SSRİ baş verən hadisələri ciddi qəbul etməməklə düşmənlərə sanki qol-qanad verirdi. Azərbaycanın paytaxtı Bakıda, bölgələrdə azadlıq hərəkatı başlamışdı. Mitinqlər, yürüşlər, hakimiyyətin   bu faciələrin qarşısını ala bilməməsi çevrilişin yaranmasına gətirib çıxardı. 1992-ci ildə Azərbaycanda hakimiyyətə Xalq Cəbhəsinin nümayəndələri gəldilər. Azadlıq istəyi, suverenlik arzusu olsa da yeni hakimiyyət nümayəndələri ölkəni idarə edə bilmirdi. Xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Bəzi adamlar küçədə belində silahla gəzir, necə deyərlər, qoçuluq edirdi. Vətəndaşlar belə vəziyyətdə küçələrə çıxmağa qorxurdular. Bununla yanaşı Dağlıq Qarabağ bölgəsində, ətraf rayonlarda düşmən hücumları çoxalmışdı. Hərc-mərclik, hakimiyyət davası o zamankı “siyasətçilərin” həyat amalına çevrilmişdi. Nə dövlət, nə də xalqın həyatının təhlükədə olması yada düşürdü.

Qeyd etdiyim kimi, 1993-cü il 15 iyuna qədər ölkədə kriminagen vəziyyət son həddə çatmışdı. Qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi. Cənubda separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda isə Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı.

Məişət səviyyəsində kriminagen vəziyyət o həddə çatmışdı ki, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər. Gənc nəsil bunu bilməsə də, o zamankı vəziyyəti gündəlik həyatında hiss edən hər bir şəxs təsdiqləyə bilər ki, hər hansı adi vətəndaşın evdən çıxaraq sağ-salamat qayıtmasına əminlik yox idi.

Azərbaycan sadəcə daxili yox, həm də xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi. Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin önünü tıxayırdı.

AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlardan başqa Gürcüstandan azərbaycanlıların böyük axını belə başlamışdı.

Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi. Bundan başqa AXC rəhbərliyinin Azərbaycanın siyasi reallıqlarını diqqətə almadan Çini narahat edən bəyanatlar verməsi xarici siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdur. Daha dəhşətlisi o idi ki, erməni lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.

Ölkənin müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı. Vəziyyət o qədər gərgin idi ki, ölkəni bu bəladan, xalqı bu bataqlıqdan çıxarmaq üçün bir zəka sahibinə, liderə ehtiyacı var idi. Bu insan isə bir nəfər idi, uzun illər Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev. Xalqın çağırışı onu Bakıya gəlməyə sövq etsə də qəlbində inciklik var idi. Bir zamanlar ona qarşı yönəlmiş haqsız davranışları unuda bilmirdi. Lakin xalqın təkidli çağırışı, ən əsası da ölkənin düşdüyü böhranlı vəziyyət, vətəndaşların təhlükələrə məruz qalması Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsinə yol aadı.

Doxsanıncı illərin əvvəlləri Azərbaycanda həyat sürmək çox cətin idi. Müstəqillik əldə edən ölkədə həyatın bütün sahələrində fəaliyyət donmuşdu. Kommunal sahələrdə, təhsil, mədəniyyət, səhiyyə sahələrində, sənaye müəssisələrində, idarə və təşkilatlarda tamam durğunluiq yaranmışdı. Ötən hərc-mərclik dövründə idarəetmə sadəcə zəifləməmişdı, tamamən iflic vəziyyətə düşmüşdü. İnsanların sabaha olan inam hissi azalmışdı. Nə etməli? Hamı çaşqınlıq içərisində idi. Bütün bu çarəsizliklərdən çıxış yolunu bilən Heydər Əliyev Müstəqil Azərbaycanda ilk addımlarını atmağa başladı. Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi.

1994-cü ilin may ayında Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı. Bunun ardınca ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı. Sənaye müəssisələrinin fəaliyyəti dayanmışdı, iş yerləri yox idi. Mövcud iqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi. İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi. Ölkənin dirçəlməsinə inamı azalmış vətəndaşlar bundan sonra sosial-iqtisadi vəziyyətində artım hiss etməyə başladılar. Zəifləmiş Ordu quruculuğunda mühüm addımlar atıldı. Milli Ordu yaradıldı, onun bazası möhkəmləndirildi.

Qeyd etdiyim kimi, çökmüş iqtisadiyyatın yenidən dirçəldilməsi üçün ulu öndərin təşəbbüsü ilə 1994-cü ilin 20 sentyabrında “Əsrin Müqaviləsi”nin imzalanması ilə Azərbaycanın sonrakı illər üçün iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətlərib “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar.

Bunun ardınca Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı. Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi.

Müstəqil Azərbaycanın xaricə çıxışı demək olar ki, yox idi. Ötən dövrdə ölkədə baş verən düşmən həmlələri, insanların işgəncələrlə öldürülməısi və yurd-yuvalarından məcburi köçkün düşməsi barədə dünyanın heç bir ölkəsinə məlumat ötürmək mümkün olmamışdı. Heydər Əliyevin keçirdiyi İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu. Hadisələr barədə zamanla müxtəlif ölkələrə məlumatlar ötürüldü. Azərbaycan dünya dövlətləri ilə dostluq və əməkdaşlıq etməyə başladı. Bundan sonra dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.

Azərbaycanın növbəti inkişaf dövrü Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən başlayır. Ulu öndər Heydər Əliyevin başladığl siyasəti uğurla davam etdirən dövlətimizin başçısının rəhbərliyi ilə uğurlar bir-birini əvəz edir. Xarici siyasətin irəliyə doğru addımlaması ölkəni dünyada tanıdıb. Azərbaycan dünyanın bir çox dövlətləri ilə forumlarda, beynəlxalq tədbirlərdə iştirak edir, möhtəşəm kontraktlara imza atır. Bir çox beynəlxalq tədbirlərə, idman yarışlaraına ev sahibliyi edən Azərbaycan həm də tanınmış turizm ölkəsinə çevrilib. Təhsil və səhiyyə sahələrində islahatların aparılması, mədəniyyət sahəsindəki müvəffəqiyyətlər, xüsusilə iqtisadi inkişaf göz qabağındadır. Hakimiyyətinin ilk dövrlərində dövlətimizin başçısının imzaladıqı sənədlərə əsasən regionlarda başlayan Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramları bir neçə mərhələdə uğurla həyata keçirilib və keçirilməkdədir. Azərbaycanın bütün bölgələrində abadlıq-quruculuq işləri aparılır. Mingəçevir, Azərbaycanın böyük hissəsini işığa qərq edən bu nur şəhəri çıraqbana çevrilib. Burada yeni məktəblər və uşaq bağçaları inşa edilib və ya əsaslı təmir edilib. Gənclər Evi, Heydər Əliyev Mərkəzi, Asan Xidmət Mərkəzi tikilərək insanların istifadəsinə verilib. Mingəçevir Sənaye Parkının istifadəyə verilməsi sayəsində yüzlərlə vətəndaş yeni iş yeri ilə təmin edilib. Yeni parklar salınıb, küçələrdə və məhəllələrdə abadlıq-quruculuq işləri aparlıb, yaşıllıq zolaqları genişlənib, işıqlanma sistemi müasirləşib və bu işlər davam etdirilir. Bu gün mingəçevirlilər abadlaşmış yollarda fərəhlə addımlayırlar, gül-çiçəkli parklarda gülərüzlə istirahət edirlər, məktəblilər müasir və yeni texnologiya ilə təmin edilmiş təhsil ocaqlarında oxuyurlar, bütün bunlar dövlətimizin başçısının Mingəçevirə göstərdiyi diqqət və qayğınəın təcəssümüdür.

Cavanşir Yusubov,

YAP Mingəçevir şəhər təşkilatının sədri