2026-cı ilin 10 iyun tarixində Mingəçevir Dövlət Universiteti ilə Mingəçevir Bələdiyyəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova və Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov tərəfindən imzalanıb.
Memorandumun əsas məqsədi universitet və yerli özünüidarəetmə qurumu arasında təhsil, elmi-tədqiqat, innovasiya, kadr hazırlığı, sosial təşəbbüslər və yerli idarəetmə sahələrində uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasıdır.
Memorandum çərçivəsində MDU tələbələrinin Mingəçevir Bələdiyyəsində istehsalat təcrübəsinə cəlb olunması, magistrantların dissertasiya mövzularının bələdiyyənin fəaliyyət istiqamətlərinə uyğun müəyyənləşdirilməsi, yerli idarəetmə, regional inkişaf, sosial siyasət, iqtisadiyyat və şəhərsalma sahələrində birgə tədqiqatların aparılması nəzərdə tutulur.
Əməkdaşlıq həm də tələbə və məzunların karyera imkanlarının genişləndirilməsinə, onların praktiki bilik və bacarıqlarının artırılmasına, bələdiyyə əməkdaşları üçün təlim və ixtisasartırma proqramlarının təşkilinə, layihə idarəetməsi, strateji planlaşdırma və yerli idarəetmə sahəsində bilik mübadiləsinə xidmət edəcək.
Natəvan Namazova bildirib ki, universitetin əsas prioritetlərindən biri tədris və elmi fəaliyyətin real sektor, ictimai institutlar və yerli idarəetmə strukturları ilə inteqrasiyasını gücləndirməkdir. Bu baxımdan Mingəçevir Bələdiyyəsi ilə əməkdaşlıq tələbələrin nəzəri biliklərinin praktik mühitdə tətbiqinə, şəhərin sosial-iqtisadi inkişafı ilə bağlı araşdırmaların aparılmasına və universitetin şəhər həyatında daha fəal iştirakına mühüm töhfə verəcək.
Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov tərəfindən isə qeyd olunub ki, universitetlə qurulan bu əməkdaşlıq yerli idarəetmədə elmi yanaşmaların tətbiqinə, gənclərin ictimai proseslərdə fəallığının artırılmasına, innovativ ideyaların şəhər mühitinə inteqrasiyasına və bələdiyyə fəaliyyətinin daha səmərəli təşkili üçün yeni imkanların formalaşmasına şərait yaradacaq.
Memorandumda sosial və ictimai layihələrin həyata keçirilməsi, könüllülük proqramlarının təşkili, ekoloji maarifləndirmə, şəhər abadlaşdırılması, rəqəmsallaşma və startap təşəbbüslərinin dəstəklənməsi kimi istiqamətlər də xüsusi yer tutur.
Tərəflər birgə konfranslar, forumlar, seminarlar, dəyirmi masalar və ekspert görüşləri təşkil etməklə universitet–şəhər əməkdaşlığının daha sistemli və nəticəyönümlü inkişafına dəstək göstərməyi planlaşdırırlar.
İmzalanan Memorandum Mingəçevir Dövlət Universitetinin regionun inkişafında bilik, tədqiqat və insan kapitalı mərkəzi kimi rolunun gücləndirilməsi, Mingəçevir Bələdiyyəsinin isə yerli inkişaf proseslərində elmi və innovativ yanaşmalardan daha geniş istifadə etməsi baxımından mühüm əməkdaşlıq platforması kimi qiymətləndirilir.