Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Zəfər Bağları” MMC-nin insan resursları və inzibati işlər üzrə aparıcı mütəxəssisi Aysel Əzimova tərəfindən “CV-nin Arxasındakı İnsan” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi tələbələrin müasir əmək bazarının tələbləri barədə məlumatlılığının artırılması, onların praktiki bacarıqlarının inkişaf etdirilməsi, işə qəbul proseslərinə hazırlıq səviyyəsinin yüksəldilməsi və peşəkar dünyaya daha hazırlıqlı şəkildə inteqrasiyasına dəstək göstərilməsi olub.
Tədbir çərçivəsində müasir əmək bazarında işə qəbul prosesinin əsas mərhələləri, CV-lərin hazırlanmasında diqqət yetirilməli məqamlar, namizədlərin fərdi və peşəkar keyfiyyətlərinin qiymətləndirilməsi meyarları barədə geniş məlumat verilib. Təlimçi tərəfindən uğurlu CV nümunələri təqdim olunub, işəgötürənlərin namizədlərdə önəm verdiyi əsas bacarıq və kompetensiyalar iştirakçıların diqqətinə çatdırılıb.
Təlim zamanı müsahibə prosesində effektiv ünsiyyətin qurulması, özünü təqdimetmə bacarıqları, peşəkar davranış prinsipləri və karyera inkişafında fərdi yanaşmanın rolu ilə bağlı praktik tövsiyələr səsləndirilib. Eyni zamanda, əmək bazarında rəqabət qabiliyyətinin artırılması, tələbələrin iş dünyasına adaptasiyası, peşəkar inkişaf imkanları və uğurlu karyera planlamasının əsas istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
İnteraktiv formatda təşkil olunan təlimdə universitetin tələbə və müəllim heyəti iştirak edib. Tədbir çərçivəsində tələbələrin sualları cavablandırılıb, real iş təcrübələrinə əsaslanan nümunələr üzərində müzakirələr aparılıb və karyera inkişafında praktik yanaşmalar iştirakçılarla bölüşülüb.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan təlim nəzəri biliklərin praktik nümunələrlə möhkəmləndirilməsi, işə qəbul proseslərinin daha dərindən mənimsənilməsi, əmək bazarının müasir tələblərinə uyğun kompetensiyaların inkişaf etdirilməsi və gələcək peşə fəaliyyətinə hazırlığın gücləndirilməsi baxımından əhəmiyyətli akademik platforma kimi qiymətləndirilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, praktik bilik və bacarıqların gücləndirilməsi, karyera yönümlü təlim təşəbbüslərinin genişləndirilməsi, analitik və peşəkar düşüncə mühitinin formalaşdırılması istiqamətində ardıcıl fəaliyyət davam etdirilir.