Mingəçevir Dövlət Universitetində “Aprel Döyüşləri: Qələbənin ilk cığırı” adlı tədbir keçirilib

2022-ci ilin 1 aprel tarixində Mingəçevir Dövlət Universitetində Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə “Aprel döyüşləri: Qələbənin ilk cığırı” adlı tədbir keçirilib. Aprel şəhidlərinə həsr olunmuş tədbirdə şəhid ailəsi üzvləri, qazilər, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Tədbirə TVİM-in koordinatoru, Vətən Müharibəsi şəhidi Əzəmi Hüseynovun həyat yoldaşı Minayə Hüseynova aparıcılıq edib.

Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov altı il əvvəl Aprel döyüşlərində əldə edilən qalibiyyətin 44 günlük Vətən Müharibəsində qazanılan şanlı tarixi Zəfər üçün böyük zəmin yaratdığını qeyd edib.

Erməni təxribatına cavab olaraq aparılan qısamüddətli hərbi əməliyyatlar zamanı düşmənin yüzlərlə canlı qüvvəsinin, xeyli sayda silah və hərbi texnikasının məhv edildiyini, minlərlə hektar ərazinin işğalçı qüvvələrdən təmizləndiyini vurğulayan rektor Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü və xalqımızın həmrəyliyini nümayiş etdirdiyini bildirib.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qəhrəman Azərbaycan Əsgərinin şücaəti sayəsində torpaqlarımızın erməni işğalından azad olunduğunu və tarixi ədalətin bərpa edildiyini qeyd edən Ş.Bayramov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.

Hazırda doğma yurdlarımızın sürətlə dirçəldilməsi, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışla bağlı hazırlıq işlərinin həyata keçirildiyini deyən rektor bu gün şəhidlərimizin ruhunun şad olduğuna əminliyini ifadə edib.

Aprel döyüşləri zamanı Mingəçevirin dörd şəhid verdiyini diqqətə çatdıran Ş.Bayramov MDU-da qəhrəman şəhdilərimizin tələbə gənclərə tanıdılması və onların göstərdikləri şücaətlərin təbliğ edilməsi istiqamətində görülən işlərdən söhbət açıb və bu istiqamətdə universitetdə yaradılan TVİM-in fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Vətən yolunda yüksək qəhrəmanlıq və fədakarlıq nümunələrini ortaya qoyan bütün şəhidlərin, eləcə də Aprel şəhidlərinin əziz xatirəsinin daim böyük hörmətlə anılacağını qeyd edən rektor xalqa və dövlətə layiq vətənpərvər övladlar yetişdirən valideynlərə dərin ehtiramını bildirib, tədbirdə iştirak etdiklərinə görə şəhid ailəsi üzvlərinə və qazilərə təşəkkür edib.

Tədbirdə Aprel döyüşləri zamanı şəhid olan Rahim Tağıyev, Adil Adilzadə, Teymur Qasımov və Rüstəm Əhmədovun ailə üzvləri iştirak ediblər.

Tədbirə qatılan şəhid ailəsi üzvlərinin adından çıxış edən şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduqlarını, onların gənclər üçün yüksək vətənpərvərlik nümunələri ortaya qoyduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini çatdırıb. MDU-da qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunan və onların gənc nəsil arasında tanıdılması məqsədilə çoxlu sayda tədbirlərin keçirildiyini deyən V.Tağıyeva universitetin kollektiv üzvlərinin şəhid ailələrini müntəzəm olaraq ziyarət etməsindən və onlara daim mənəvi dəstək olmasından məmnunluğunu ifadə edib.

Aprel döyüşləri qazisi Elvin Məmmədov və Birinci Qarabağ müharibəsi iştirakçısı Aygün Tahirova keçdikləri şərəfli döyüş yollarından və döyüşçü yoldaşlarının şücaətlərindən bəhs ediblər, universitetdə gənclərin vətənpərvər ruhda yetişdirilməsinə xidmət edən belə tədbirlərin davamlı keçirilməsinin önəmini vurğulayıblar.

Daha sonra tədbir ədəbi-bədii hissə ilə davam edib. Aprel şəhidi Rahim Tağıyevin oğlu Nicat Tağıyev Vətən müharibəsi şəhidi Şahmar Məmmədovun qızı Tamella Məmmədova ilə birlikdə “Mənim atam Qəhrəmandır” adlı mahnı ifa ediblər. Tədbirdə universitetin tələbə gənclərinin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Tədbirdən sonra, universitetin rektoru Ş.Bayramov şəhid ailəsi üzvləri və qazilərlə görüşüb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.