Mingəçevir Dövlət Universitetində “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş futzal üzrə universitet birinciliyi keçirilib

2026-cı ilin 5 mart tarixində Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və memarlıq ili” çərçivəsində “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş futzal idman növü üzrə qruplararası universitet birinciliyi keçirilib.

Universitetdə sağlam həyat tərzinin təşviqi, tələbələrin fiziki fəallığının artırılması, komanda ruhunun gücləndirilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən yarış MDU-nun tələbəyönümlü inkişaf strategiyasına uyğun olaraq təşkil edilib.

Futzal üzrə keçirilən universitet birinciliyində müxtəlif fakültələri təmsil edən tələbə komandaları iştirak ediblər. Yarışlar gərgin idman mübarizəsi, komanda əməkdaşlığı və yüksək rəqabət şəraitində baş tutub. Tələbələr oyunlar zamanı həm fiziki hazırlıqlarını, həm də kollektiv fəaliyyət bacarıqlarını nümayiş etdiriblər.

Yekun nəticələrə əsasən, Təhsil fakültəsinin III kurs Sİ23 qrupu I yerə layiq görülüb. Mühəndislik fakültəsinin II kurs EEM24 qrupu II yeri, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs MT23 qrupu isə III yeri tutub.

Qalib komandalar və fərqlənən iştirakçılar universitet rəhbərliyi tərəfindən təbrik olunub, onlara gələcək təhsil və idman fəaliyyətlərində uğurlar arzulanıb.

MDU-da tələbələrin sağlam həyat tərzinə cəlb olunması, idman mədəniyyətinin inkişaf etdirilməsi və universitetdaxili idman təşəbbüslərinin genişləndirilməsi istiqamətində fəaliyyətlər bundan sonra da davam etdiriləcək.