Mingəçevir Dövlət Universitetində kibertəhlükəsizlik üzrə vorkşop və infosessiya keçirilib

  • Post category:MDU xəbərləri

2026-cı ilin 4–5 may tarixlərində Mingəçevir Dövlət Universitetində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşlarının iştirakı ilə informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan tələbələr üçün kibertəhlükəsizlik sahəsində praktiki vorkşop və infosessiya keçirilib.

Tədbir Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq, “Beyin Mərkəzi” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərin davamı kimi təşkil olunub.

Vorkşopun əsas məqsədi tələbələrin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi, müasir təhlükəsizlik yanaşmaları, pentest metodları və real kibertəhlükəsizlik çağırışları barədə məlumatlılığının artırılması olub.

Təlim Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşları Gülnar Mirhüseynova, Adilə Bəhməni Əliyeva və Müzəffər Mikayılov tərəfindən aparılıb. İki gün davam edən vorkşop çərçivəsində tələbələrə “Təhlükəsizliyin əsasları” və “Pentest” mövzularında praktiki məlumatlar təqdim edilib, kibertəhlükəsizlik sahəsində tətbiq olunan əsas yanaşmalar, müdafiə mexanizmləri və testetmə metodları barədə izahlar verilib.

Tədbir zamanı, həmçinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 8-ci dalğası ilə bağlı infosessiya təşkil olunub. İnfosessiyada iştirakçılara Mərkəzin tədris proqramları, seçim mərhələləri, iştirak imkanları və kibertəhlükəsizlik sahəsində peşəkar inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən, “Beyin Mərkəzi” layihəsi çərçivəsində informasiya təhlükəsizliyi ixtisası üzrə hibrid tədris prosesinə başlanılıb. Layihə çərçivəsində payız semestrində “İnformasiya təhlükəsizliyinin əsasları”, yaz semestrində isə “Kibertəhlükəsizliyin əsasları” fənləri tədris olunub.

Proqram tələbələrə kibertəhlükəsizlik sahəsində müasir bilik və bacarıqlar qazandırmaqla yanaşı, onların real layihələrdə praktiki təcrübə əldə etməsinə də imkan yaradır. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin dəstəyi ilə tələbələrin CompTIA Security+, CEH, Cisco CyberOps, ISC² SSCP və digər beynəlxalq sertifikat proqramları üzrə biliklərini artırması, həmçinin peşəkar inkişaf imkanlarından yararlanması nəzərdə tutulur.

Layihə eyni zamanda tələbələrin startaplara qoşulmasına, hakatonlar və CTF yarışlarında iştirakına, milli kibertəhlükəsizlik məhsullarının hazırlanmasında fəal rol oynamasına şərait yaradır.

Mingəçevir Dövlət Universitetində rəqəmsal bacarıqların inkişafı, kibertəhlükəsizlik sahəsində kadr hazırlığının gücləndirilməsi və tələbələrin əmək bazarının müasir tələblərinə uyğun praktiki biliklərlə təmin olunması istiqamətində fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.