Mingəçevir Dövlət Universitetində “XXI əsrin Rəqəmsal Çağırışları” mövzusunda I Beynəlxalq Elmi Konfrans uğurla yekunlaşıb

  • Post category:MDU xəbərləri

2026-cı ilin 18–19 may tarixlərində Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və 17 may – Ümumdünya Telekommunikasiya Gününə həsr olunmuş “XXI əsrin Rəqəmsal Çağırışları: Süni İntellekt, Kibertəhlükəsizlik, Davamlı Enerji və İnsan Kapitalı” mövzusunda I Beynəlxalq Elmi Konfrans onlayn formatda keçirilib.

Konfransın əsas məqsədi rəqəmsal transformasiya proseslərinin elmi müstəvidə müzakirəsi, süni intellekt və kibertəhlükəsizlik sahəsində müasir yanaşmaların araşdırılması, dayanıqlı enerji həllərinin tətbiqi, “smart şəhər” konsepsiyalarının inkişafı və insan kapitalının keyfiyyətcə yüksəldilməsi istiqamətində beynəlxalq elmi dialoqun gücləndirilməsi olub.

MDU-nun beynəlxalq əməkdaşlığın genişləndirilməsi, rəqəmsal bilik və bacarıqların inkişafı, innovativ düşüncənin təşviqi və dayanıqlı inkişaf hədəflərinə töhfə verilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə uyğun olaraq təşkil edilən konfransda müxtəlif ölkələrin ali təhsil müəssisələrinin alim və tədqiqatçıları, müvafiq sahə üzrə mütəxəssislər və akademik ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransın I panel iclası Gazi Universitetinin Texnologiya fakültəsinin professoru Ayhan Erdemin moderatorluğu ilə keçirilib. Açılış mərasimində Düzcə Universitetinin rektoru Nedim Sözbir, Gazi Universitetinin prorektoru Serhat Karyeyen, Mingəçevir Dövlət Universitetinin prorektoru Natavan Namazova, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kiber Mərkəzinin nümayəndəsi Elvin Balacanov və MDU-nun Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru Aidə Mustafayeva çıxış ediblər.

Çıxışlarda rəqəmsal inkişafın müasir dövrdə strateji əhəmiyyəti, süni intellekt və kibertəhlükəsizlik sahəsində aparılan elmi tədqiqatların aktuallığı, universitet–sənaye–dövlət əməkdaşlığının gücləndirilməsi və insan kapitalının inkişaf etdirilməsi istiqamətində ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələr diqqətə çatdırılıb.

I panel çərçivəsində Gazi Universitetinin professoru Ayhan Erdem süni intellekt və platforma iqtisadiyyatı mövzusunda məruzə ilə çıxış edib. Düzcə Universitetinin professoru Resul Kara Türkiyədə süni intellekt tədqiqatlarının elmi panoramasını təqdim edib. Atatürk Universitetinin professoru Köksal Erentürk süni intellekt əsaslı enerji sistemləri, investisiya strategiyaları və kibertəhlükəsizlik riskləri barədə fikirlərini bölüşüb. Gazi Universitetinin professoru M. Ali Akçayol süni intellekt texnologiyalarının gələcək inkişaf istiqamətlərini təhlil edib. Mingəçevir Dövlət Universitetinin əməkdaşı Məryəm Əsədova isə “smart şəhər” infrastrukturu və dayanıqlı şəhər inkişafı kontekstində süni intellektin tətbiq imkanlarına dair məruzə ilə çıxış edib.

Konfransın II panel iclası MDU-nun Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru, dosent Aidə Mustafayevanın moderatorluğu ilə davam edib. Paneldə Bakı Biznes Universitetinin nümayəndəsi Rahib İmamverdiyev kibertəhlükəsizlikdə izah edilə bilən süni intellekt yanaşmalarını təqdim edib. Gazi Universitetinin dosenti Fuat Türk səhiyyə sahəsində süni intellekt və maşın öyrənməsinin tətbiq imkanlarından bəhs edib. TED Universitetinin professoru Gökce Yılmaz süni intellektin real dünya tətbiqləri barədə çıxış edib.

Həmçinin Recep Tayyib Erdoğan Universitetinin professoru Mehmet Sevri kibertəhlükəsizlikdə süni intellekt agentlərinin yaratdığı yeni çağırışları, Gazi Universitetinin dosenti Saadin Oyucu isə rəqəmsal bacarıqlar və insan kapitalının inkişafı məsələlərini elmi əsaslarla şərh edib. Mingəçevir Dövlət Universitetinin əməkdaşı Nərmin Əhmədova kibertəhlükəsizlik riskləri və onların idarə olunması strategiyaları mövzusunda məruzə ilə çıxış edib.

Panel iclasları çərçivəsində süni intellekt texnologiyalarının müxtəlif sahələrdə tətbiqi, kibertəhlükəsizlik mühitində yeni risklər və çağırışlar, dayanıqlı enerji sistemlərinin inkişafı, rəqəmsal bacarıqların formalaşdırılması, insan kapitalının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi istiqamətlərində elmi müzakirələr aparılıb.

Konfransın yekununda qeyd olunub ki, süni intellekt, kibertəhlükəsizlik, dayanıqlı enerji və insan kapitalı istiqamətləri üzrə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi rəqəmsal transformasiya proseslərinin sürətlənməsinə, innovativ həllərin tətbiqinə və ali təhsil müəssisələrinin qlobal elmi inteqrasiyasının güclənməsinə mühüm töhfə verir.

Mingəçevir Dövlət Universitetində rəqəmsal çağırışlara cavab verən elmi-tədqiqat mühitinin inkişafı, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində akademik təşəbbüslərin dəstəklənməsi istiqamətində fəaliyyətlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.