Mingəçevir Dövlət Universitetinin əməkdaş və tələbələri Azərbaycan Pauerliftinq və Bench Press çempionatında qızıl medallar qazanıblar

  • Post category:MDU xəbərləri

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Pauerliftinq və Bench Press çempionatı keçirilib. Çempionatda Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndələri uğurlu nəticələr əldə ediblər.

MDU-nun məşqçi-müəllimi Mehman Baxışov və tələbələr Vaqif Əhmədli ilə Şamil Daşdəmirov yarışda iştirak edərək yüksək idman göstəriciləri nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən, məşqçi-müəllim Mehman Baxışov “Masters” kateqoriyası üzrə I yerə, tələbə Vaqif Əhmədli gənclər arasında I yerə layiq görülüb, Şamil Daşdəmirov isə III yeri qazanıb. Uğurlu çıxış edən MDU nümayəndələri çempionatın təşkilatçıları tərəfindən medal və diplomlarla təltif olunublar.

Qazanılan nailiyyətlər Mingəçevir Dövlət Universitetində də yüksək qiymətləndirilib. 2025-ci il 18 dekabr tarixində keçirilən MDU Elmi Şurasının növbəti iclasında məşqçi-müəllim Mehman Baxışov Şuranın qərarına əsasən mükafatlandırılıb. Çempionatda uğur qazanan tələbələr də Universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təltif ediliblər və onların idman sahəsində əldə etdikləri nailiyyətlər xüsusi vurğulanıb.

Bundan əlavə, Mingəçevir Dövlət Universitetinin Sosial iş ixtisası üzrə I kurs tələbəsi Nazpəri Cabbarova Azərbaycan Kikboksinq çempionatının qalibi olub. Onun uğuru da universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və Nazpəri Cabbarova MDU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin idman fəaliyyətinin dəstəklənməsi, sağlam həyat tərzinin təşviqi və universitetin müxtəlif idman növləri üzrə ölkə səviyyəsində uğurla təmsil olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Əldə olunan nəticələr MDU tələbə və əməkdaşlarının yüksək idman potensialının, eləcə də universitetdə formalaşmış sağlam idman mühitinin bariz göstəricisidir.