Mingəçevir Dövlət Universitetinin koordinatorluq etdiyi beynəlxalq layihənin açılış mərasimi olub (“Azərbaycan müəllimi” qəzeti)

“Azərbaycan müəllimi” qəzeti, 14.04.2023
Qəzetin PDF versiyası

Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin koordinatoru olduğu “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing Sustainable Entrepreneurial Ecosystem in Higher Education of Azerbaijan – ENGAGE) mövzusunda Erasmus+ layihəsinin açılış mərasimi keçirilib.

İştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov tədbiri universitet üçün əlamətdar hadisə kimi dəyərləndirib. MDU-nun Azərbaycanda koordinator statusunda Erasmus+ proqramının qalibi olan ilk region universiteti olduğunu vurğulayan rektor göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə, tərəfdaş yerli və xarici universitetlərə təşəkkürünü bildirib, layihənin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını ifadə edib.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və 2023-2025-ci illəri əhatə edən sözügedən beynəlxalq layihənin əsas gözləntilərindən bəhs edən Ş.Bayramov qeyd edib ki, layihə ölkəmizin müvafiq universitetlərində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsi məqsədi daşıyır. Layihənin uğurla icra olunacağına əminliyini bildirən rektor bütün tərəfdaşları fəal iştirak etməyə və  layihə çərçivəsində təqdim edilən imkanlardan faydalanmağa dəvət edib.

Sonra Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov əldə edilən uğur münasibətilə universitet kollektivinə təbriklərini çatdırıb, layihə çərçivəsində yaradılan tərəfdaşlıqların əhəmiyyətindən bəhs edib. Təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan İ.İsmayılov layihəni son illər ərzində MDU-nun beynəlxalq əlaqələrinin inkişafının uğurlu nəticələrindən biri kimi qiymətləndirib.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli hazırda MDU-nun modernləşmə mərhələsində olduğunu və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən söhbət açıb. Layihə üçün seçilmiş mövzunun bütövlükdə milli ali təhsil və innovasiya ekosistemi üçün önəmini diqqətə çatdıran N.Məmmədli layihənin koordinatorunu və tərəfdaşlarını Elm və Təhsil Nazirliyinin adından təbrik edib. Bildirib ki, əldə edilən uğur yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da son dövrdə həyata keçirilən sistemli keyfiyyət dəyişikliklərinin real nəticələrindən biridir.

Azərbaycanda Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov layihə koordinatoru statusunda qalib gələn ilk regional ali təhsil müəssisəsi olması münasibətilə MDU kollektivini təbrik edib. Erasmus+ proqramının universitetlər üçün təqdim etdiyi imkanlardan bəhs edən P.Bağırov ENGAGE layihəsinin uğurla icra olunmasına zəruri dəstəyin göstəriləcəyini bildirib.

Daha sonra layihə çərçivəsində tərəfdaş yerli ali təhsil müəssisələrinin rəhbərlərindən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektor əvəzi Zəfər Qurbanov çıxış ediblər. Çıxışlarda MDU-nun koordinatorluğu ilə icra olunacaq beynəlxalq layihədə tərəfdaş olmaqdan məmnunluqlarını ifadə edən rektorlar region universitetinin bu təşəbbüsünü yüksək dəyərləndirib, müasir dövrdə ali təhsildə sahibkarlıq yanaşmasının aktuallığından söhbət açıb, birgə layihənin qazandıracağı təcrübələrin əhəmiyyətini vurğulayıb və layihənin işinə uğurlar arzulayıblar.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Şəbnəm Məmmədzadə layihənin kreativ düşüncəli və sahibkarlıq təfəkkürlü yeni nəslin yetişdirilməsinə verəcəyi potensial töhfələrdən danışıb və layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin uğurla icra olunması üçün təmsil etdiyi qurum tərəfindən müvafiq dəstəyin göstəriləcəyini bildirib.

Estoniya, İsveç, Portuqaliya, İspaniya və Polşanın 5 aparıcı universitetini təmsil edən xarici qonaqlar çıxış edərək Mingəçevir şəhərində və belə bir layihənin tərəfdaşları arasında olmaqdan məmnunluqlarını ifadə ediblər. Təmsil etdikləri universitetlər haqqında ətraflı məlumat verən avropalı mütəxəssislər layihə çərçivəsində öz müsbət təcrübələrini benefisiar qurumlarla bölüşəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, MDU-nun koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş Erasmus+ layihəsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul edilib. Layihə Avropa İttifaqının 5 ölkəsini təmsil edən tərəfdaş universitetlərin müvafiq sahədəki təcrübəsinin öyrənilməsini və bu təcrübədən fayda əldə olunmasını nəzərdə tutur. Layihə çərçivəsində tərəfdaş yerli universitetlərin və qurumların əməkdaşları üçün çoxsaylı təlimlər təşkil ediləcək. 36 ay ərzində icra ediləcək layihənin ümumi büdcəsi 800 min avrodur. Layihədə 4-ü region universiteti olmaqla, ümumilikdə ölkəmizin 11 aparıcı dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunur. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan HR İnstitutu layihənin qeyri-universitet tərəfdaşlarıdır. Avropa İttifaqı layihədə Lissabon Universiteti (Portuqlaliya), Kataloniya Politexnik Universiteti (İspaniya), KTH Kral Texnologiya Universiteti (İsveç), Tallin Texnologiya Universiteti (Estoniya) və WSG Universiteti (Polşa) ilə təmsil olunur.