Mingəçevirin 75 illik yubileyi ümumşəhər bayramına çevrilib

  • Post category:MDU xəbərləri

AZƏRTAC, 12.11.2023

Noyabrın 11-də nurlu diyar kimi tanınan Mingəçevirə şəhər statusu verilməsinin 75 ili tamam olub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Mingəçevirdə keçirilən silsilə tədbirlər sakinlər tərəfindən coşqu ilə qarşılanıb və ümumşəhər bayramına çevrilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulub, Şəhidlər xiyabanı ziyarət edilib. Keçmiş SSRİ-də ikinci Dünya müharibəsindən sonra ən nəhəng tikintilərdən olan Mingəçevir SES silsiləsində ədəbi-bədii kompozisiya nümayiş edilib.

Səməd Vurğun meydanında kütləvi idman oyunları, Kür çayı üzərində avarçəkənlərin nümunəvi çıxışları, Kür sahilindəki mədəniyyət, istirahət parkında sərgilərə baxış keçirilib. Sərgidə şəhərin idarə, təşkilat və müəssisələrinin uğurları, müxtəlif sənaye və istehsal müəssisələrinin məhsulları, eləcə də Mingəçevirdə yaşayıb-yaradan rəssamların, tətbiqi sənət ustalarının rəsmləri, hazırladıqları incəsənət nümunələri nümayiş etdirilib.

Yubiley tədbiri Mingəçevir Dövlət Dram Teatrında davam etdirilib. Tədbirdə Mingəçevir şəhərinin qurulmasında böyük xidmətləri olan şəxslər, idarə, təşkilat və müəssisələrin rəhbərləri, respublikamızın müxtəlif bölgələrini təmsil edən KİV nümayəndələri və qonaqlar iştirak ediblər.

Tədbiri açan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov və digər natiqlər bayram münasibətilə şəhər sakinlərini təbrik edib, həmçinin 75 ildə nurlu diyarın keçdiyi tarixi yoldan və müasir inkişafından danışıb. Bildirilib ki, 1948-ci il noyabrın 11-də imzalanmış Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarına əsasən, Mingəçevir qəsəbəsinə şəhər statusu verilib.

Qeyd edilib ki, şəhər statusu aldıqdan sonra Mingəçevirdə geniş tikinti, quruculuq və abadlıq işləri aparılıb. O dövrdə Mingəçevir Su Elektrik Stansiyası, Azərkabel, yol maşınları, şüşə lifi, maşınqayırma, izolit zavodları, toxuculuq kombinatı tikilməklə Mingəçevirin sənaye şəhərinə çevrilməsinin əsası qoyulub.

Xüsusilə vurğulanıb ki, bugünkü Mingəçevirin uğurlarında Ümummilli Lider Heydər Əliyevin çox böyük xidmətləri vardır. 1969-cu ildə Azərbaycana siyasi rəhbərliyə gəldiyi dövrdə kiçik bir qəsəbəni xatırladan Mingəçevir məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi illərində sürətlə inkişaf edərək ölkənin ən iri sənaye və energetika mərkəzlərindən birinə çevrilib.

1969-1982-ci illərdə Ulu Öndərin Azərbaycanda ilk rəhbərliyi dövründə Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyası, Texniki-rezin məmulatları, Yol-tikinti maşınları təmiri, Aqrar-sənaye dəmir-beton məmulatları və Çörək zavodları, Poliqrafiya müəssisəsi, Evtikmə kombinatı inşa olunub. Bu illərdə şəhərdə 8 min 130 şagird yerlik 8 orta ümumtəhsil məktəbi, 2 min 240 yerlik 8 məktəbəqədər uşaq müəssisəsi, 1848 çarpayılıq xəstəxana, poliklinika, şahmat məktəbi, Gənc Texniklər Stansiyası və digər obyektlər tikilib. Həmin dövrdə Energetiklər qəsəbəsində 20 minə yaxın əhalinin məskunlaşması üçün çoxmərtəbəli yaşayış binaları, 3 ümumtəhsil məktəbi, Doğum evi, poliklinika, tibb məktəbi, musiqi məktəbi, uşaq bağçaları və digər sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilib. Yaradılan sənaye potensialı nəticəsində Mingəçevir respublikamızın 4-cü sənaye şəhərinə çevrilib.

Vurğulanıb ki, Ümummilli Liderin gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Son illər şəhərdə iri istehsal müəssisələri, yeni mədəniyyət, ictimai və sosial obyektlər, park və istirahət mərkəzləri, keçmiş məcburi köçkünlər üçün qəsəbələr, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binaları, nümunəvi xidmət və ticarət obyektləri tikilib istifadəyə verilib. Heydər Əliyev Fondu tərəfindən məktəblər, uşaq bağçaları tikilib, əsaslı təmir olunub, Ulu Öndərin abidəsi ucaldılıb, Heydər Əliyev Mərkəzi, Gənclər Evi inşa olunub.

Mərasimdə Türkiyə və Qazaxıstandan gələn qonaqların təbrikləri dinlənilib, təbrik məktubları oxunub.

Çıxışlardan sonra Mingəçevir şəhərinin qurulmasında xidmətləri olan bir qrup şəxs Mingəçevir Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilib.

Sonda Heydər Əliyev prospektindəki geniş meydanda Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib. Müğənnilər tərəfindən ifa olunan və yurdumuzu, Mingəçeviri tərənnüm edən bir-birindən gözəl mahnı və təsniflər, Mingəçevir Dram Teatrının aktyorlarının çıxışları bayram tədbirinin iştirakçılarında xoş ovqat yaradıb.

Gün ərzində davam edən bayram şənlikləri atəşfəşanlıqla başa çatıb.