Mingəçevir Dövlət Universitetində Aprel döyüşlərinə həsr olunmuş virtual konfrans keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Aprel döyüşlərinə həsr olunmuş

virtual konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) “Aprel döyüşləri müstəqil Azərbaycanın müasir tarixinin qələbə və qəhrəmanlıq səlnaməsidir” mövzusunda virtual konfrans keçirilib. İnternet üzərindən təşkil olunan konfransda MDU-nun struktur bölmə rəhbərləri və tələbə təşkilatlarının fəalları iştirak ediblər.

Konfransı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir” sözləri ilə açan MDU-nun rektoru Şahin Bayramov koronavirusla mübarizə şəraitinə baxmayaraq belə bir tədbirin keçirilməsini vacib hesab etdiklərini bildirib. 2016-cı ilin Aprel döyüşlərini ali baş komandanımızın rəhbərliyi ilə davamlı olaraq güclənən Azərbaycan ordusunun tarixi qələbəsi kimi dəyərləndirən Ş.Bayramov qeyd edib ki, Aprel döyüşləri Azərbaycan əsgərinin hazırda düşmən işğalında olan bütün torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha sübut etmiş oldu. O, tarixi torpaqlarımızın bir hissəsinin düşmən tapdağından azad edilməsi ilə nəticələn dörd günlük Aprel döyüşlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulayıb.

MDU kollektivinin Aprel döyüşləri şəhidlərinin əziz xatirəsini daim ehtiramla andığını bildirən Ş.Bayramov həmin döyüşlərdə şəhid olmuş dörd Mingəçevirlinin qəhrəmanlığına dair universitetdə mütəmadi tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Sonra MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova “Aprel döyüşləri Azərbaycanın hərbi qüdrətinin və Azərbaycan əsgərinin rəşadətinin təntənəsi kimi” mövzsunda məruzə ilə çıxış edib. E.Cəfərova hərtərəfli güclənməkdə olan ölkəmizin hərbi qüdrətinin nümayiş etdirilməsi, erməni təcavüzünün və Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılması baxımından Aprel döşlərinin əhəmiyyətindən danışıb.

MDU-nun tələbələri adından çıxış edən Tələbə Gənclər Təşkilatının sədr əvəzi Elmira Hüseynli Aprel döyüşlərinin hər bir Azərbaycan gəncinin qələbəyə inamını və vətənpərvərlik ruhunu gücləndirdiyini bildirib.

Virtual konfrans müzakirələrlə davam edib.

{phocagallery view=category|categoryid=349|limitstart=0|limitcount=0}