Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü qeyd olunub

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının

Dövlət müstəqilliyi günü qeyd olunub

 

Mingəçevir Dövlət Universitetində Azərbaycan Respublikasının Dövlət müstəqilliyi gününün 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetin professor-müəllim, inzibati-texniki və tələbə heyəti üzvlərini 18 oktyabr Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü münasibətilə təbrik edən rektor Şahin Bayramov bü günün mühüm tarixi əhəmiyyətindən və Azərbaycan xalqının XX əsrin sonunda ikinci dəfə müstəqillik əldə etməsinin strateji önəmindən bəhs edib. Həmin dövrdə dünyada və regionda baş verən geosiyasi proseslərin xüsusiyyətlərini və ölkəmizdə ictimai, sosial və iqtisadi durumun çətinliklərini qeyd edən Ş.Bayramov dövlət müstəqilliyinin asan başa gəlmədiyini və bunun Azərbaycan xalqının iradəsi və mübarizəsi nəticəsində əldə olunduğunu bildirib. O, “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 1991-ci ilin 18 oktyabr tarixində qəbul olunmasına baxmayaraq, ölkəmizin faktiki müstəqilliyinin Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün olduğunu vurğulayıb.

Məhz müdrik liderin titanik əməyi, Azərbaycan xalqının milli maraqlarına əsaslanan uzaqgörən və düşünülmüş siyasəti nəticəsində Azərbaycan Respublikasının dünyanın siyasi xəritəsindəki mövqeyinin möhkəmləndiyini bildirən Ş.Bayramov qısa bir müddət ərzində Azərbaycanın dünyanın bərabərhüquqlu dövlətlərindən birinə çevrildiyini və respublikamızın səsinin ən nüfuzlu beynəlxalq təşkilatların tribunalarından eşidildiyini diqqətə çatdırıb.

Ulu öndərin milli dövlətçiliyin formalaşdırılması və gücləndirilməsi, səmərəli dövlət idarəçiliyinin bərqərar edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, ilk Konstitusiyanın qəbulu, ölkəmizin siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunması və digər istiqamətlərdəki misilsiz xidmətlərini xatırladan rektor hazırda həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uğurla və yeni keyfiyyət mərhələsində davam etdirildiyini bildirib. Ş.Bayramov ölkə başçının yorulmaz fəaliyyətinin nəticəsi olaraq hazırda Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində davamlı inkişafın təmin olunduğunu, həyata keçirilən dövlət siyasətinin əsasında insan amiliin dayandığını, müstəqil Azərbaycanın iştirakı olmadan heç bir regional layihənin reallaşdırıla bilmədiyini, ölkəmizin nüfuzlu qlobal tədbirlərə evsahibliyi etdiyini, respublikamızın sivilizasiyalararası, millətlərarası və dinlərarası dialoqun baş tutduğu önəmli məkanlardan birinə çevrildiyini, müxtəlif qlobal reytinqlərdə Azərbaycanın mövqeyinin davamlı şəkildə yüksəldiyini diqqətə çatdırıb.

Ümummilli liderin “Azərbaycanın müstəqilliyi dönməzdir, daimidir, əbədidir!” kəlamını səsləndirən rektor hazırda müstəqil Azərbaycanın bütün dünya Azərbaycanlılarının dogma vətəni olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov müstəqil Azərbaycanın 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olması, 1991-1993-cü illərdə o zamankı rəhbərlərin səriştəsiz fəaliyyəti nəticəsində müstəqilliyin itirilməsi təhlükəsinin yaranması, yalnız Ümummilli liderin hakimiyyətə gəlişindən sonra suveren dövlət quruculuğunun güclənməsi və hazırda ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişaf yolunda sürətlə addımlaması barədə danışıb. MDU kollektivini əlamətdar gün münasibətilə təbrik edən C.Yusubov 1993-cü ildə Ulu öndərin yaratmış olduğu Yeni Azərbaycan Partiyasının (YAP) müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynadığını, hazırda YAP-ın regionun ən böyük siyasi təşkilatına çevrildiyini, partiya sıralarında gənclərin sayının və fəaliyyətinin davamlı olaraq artdığını bildirib. O, YAP Mingəçevir şəhər təşkilatının müstəqilliyimizin ilk dövrlərində yaranmasının şəhər üçün əhəmiyyəti və hazırda təşkilat tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Sonra MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Mirzə Cavadov “Azərbaycanın siyasi müstəqilliyi tarixi zərurətdir”, Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov “Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında Heydər Əliyev fenomeninin rolu” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Rektor Şahin Bayramov tədbir iştirakşılarını müstəqillik günü münasibəti ilə təbrik edib, bildirib ki, qoy Azərbaycanımızın müstəqilliyi daimi və əbədi yaşar olsun.

{phocagallery view=category|categoryid=203|limitstart=0|limitcount=0}