Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilib

10 dekabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən beynəlxalq konfransda dünyanın 16 ölkəsinin ali təhsil müəssisələri və elmi tədqiqat institutlarından akademik heyət üzvləri və alimlər qatılıb.

Beynəlxalq konfransın açılış-plenar iclasında MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin üzvü Şahin Seyidzadə, Litvanın Mykolas Romeris Universitetinin rektoru İnqa Zaleniene, Türkiyənin KTO Karatay Universitetinin rektoru Bayram Sade, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Çinin Lancou Maliyyə və İqtisadiyyat Universitetinin prezidenti Venhao Cai, Qırğız İqtisad Universitetinin rektoru Almaz Kadıraliyev və Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru Dmitro Lukyanenko çıxış ediblər.

Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov aktual mövzuya həsr edilmiş və MDU tarixində ilk dəfə olaraq keçirilən beynəlxalq səviyyəli elmi tədbirin təşkilində dəstəyi və əməyi olanlara, təşkilat komitəsinin üzvlərinə, məruzəçilərə, məqalə və tezis müəlliflərinə təşəkkürünü bildirib.

Rektor konfransın əsas məqsədinin Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və rəşadətli Azərbaycan Əsgərinin şücaəti sayəsində əldə olunan tarixi Zəfərdən sonrakı mərhələnin reallıqları nəzərə alınmaqla müvafiq istiqamətlər üzrə aparılan elmi-tədqiqatların nəticələrinin təqdim edilməsindən ibarət olduğunu vurğulayıb. O bildirib ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, eləcə də Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələri əhatə edən mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir.

Konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərildiyini qeyd edən rektor 37 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, eləcə də 14 xarici ölkənin 35 universitetindən ümumilikdə 462 tezis və məqalə daxil olduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb.

Konfrans iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə edən Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov MDU rəhbərliyini və kollektiv üzvlərini universitetdə ilk beynəlxalq elmi konfransın keçirilməsi münasibətilə təbrik edib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Regional unuversitetin belə bir böyük tədbirin təşkilatçısı olmasını təqdirəlayiq hal kimi qiymətləndirən F.Qurbanov qısa zamanda MDU-da geniş islahatlar aparmaqla tədrisin keyfiyyətinin və elmi-tədqiqatların səmərəliliyinin yüksəldilməsi istiqamətində önəmli addımların atıldığını diqqətə çatdırıb.

Bəşəriyyətin qarşısında duran qlobal problemlərin dünyada davamlı inkişafa nail olunmağı zəruri vəzifəyə çevirdiyini bildirən nazir müavini konfransın mövzusunun aktuallığından və əhəmiyyətindən bəhs edib. Dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən olduğunu vurğulayan F.Qurbanov hazırda Azərbaycanının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşan ölkələrdən olduğunu bildirib.

Dördüncü Dayanıqlı İnkişaf Məqsədinin hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək olduğunu qeyd edən F.Qurbanov davamlı inkişafın təmin olunmasının təhsil sistemi qarşısında çox böyük vəzifələr qoyduğunu diqqətə çatdırıb. Müasir tələblərə cavab verən təhsil sistemi və mütəxəssis hazırlığı üzrə yeni çağırışlardan danışan nazir müavini konfransda bu istiqamətdə ediləcək məruzələrin və aparılacaq müzakirələrin faydalı olacağına əminliyini söyləyib, konfrans iştirakçılarına uğurlar arzulayıb.

Konfrans iştirakçılarına salamlarını çatdıran Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda dayanıqlı inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində görülən işlərə töhfə verilməsinə hədəflənən belə bir platformanın yaradılmasına görə Mingəçevir Dövlət Universiteti kollektivinə təşəkkürünü bildirirb. İqtisadiyyatın dayanıqlı və dinamik inkişafının bu sahədəki elmi tədqiqatların səmərəliliyindən birbaşa asılı olduğunu diqqətə çatdıran nazir müavini ölkəmizdə qlobal trendlərin öyrənilməsi və tədqiqi baxımından ali təhsil müəssisələrinin və akademik dairələrin apardığı tədqiqatların rolunun yüksək dəyərlənirildiyini diqqətə çatdırıb.

Dünya iqtisadiyyatında cərəyan edən proseslər, bəşəriyyətin ciddi narahatçılığına səbəb olmuş COVID-19 pandemiyasının Azərbaycan üçün də yeni çağırışlar və reallıqlar yaratdığını diqqətə çatdıran S.Ələkbərov bunlara adekvat cavab vermək üçün ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində qarşıda duran vəzifələrdən bəhs edib.

Nazir müavini 44 günlük Vətən müharibəsindən sonra ərazilərin işğaldan azad edilməsinin regionda təhlükəsizlik, sabitlik və rifahın təmin edilməsinə, qarşılıqlı faydalı əməkdaşlığın, iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsinə, yeni beynəlxalq və regional logistika dəhlizlərinin açılmasına və bütövlükdə ölkənin dayanlqlı inkişafına çox ciddi təkan verdiyini bildirib. Qlobal tendensiyalar və çağırışları qəbul edərək işğaldan azad olunmuş ərazilərdə innovativ texnogiyalara əsaslanan müasir infrastrukturun qurulmasından, “ağıllı şəhər”, “ağıllı kənd” və yaşıl enerji zonası layihələrinin reallaşdırılmasından söhbət açan S.Ələkbərov Azərbaycanın dayanıqlı inkişaf perspektivlərindən danışıb və konfransın işinə uğurlar arzulayıb.

Konfransın açılışında çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir şəhərində ilk dəfə olaraq belə bir beynəlxalq elmi konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib və konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan hərtərəfli inkişaf strategiyası sayəsində Azərbaycanın artıq siyasi və iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, beynəlxalq arenada söz sahibi olduğunu qeyd edən İ.İsmayılov regionda həyata keçirilən və dayanıqlı inkişafa hədəflənən irimiqyaslı layihələrdə Azərbaycanın əsas təşəbbüskar və iştirakçı dövlətlərdən olduğunu diqqətə çatdırıb.

İnkişafın yeni hədəflərinin elmi əsaslarının hazırlanmasının vacibliyini qeyd edən İlham İsmayılov konfrans çərçivəsində aparılacaq müzakirələrin və yaradılacaq tərəfdaşlıqların Mingəçevir şəhərinin gələcək inkişafında önəmli rol oynayacağına əminliyini ifadə edib.

Beynəlxalq konfransa dəvətə görə təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreeva 250-dən çox iştirakçının, o cümlədən dövlət və hökumət rəsmilərinin də qatıldığı və yüksək səviyyədə təşkil edilən elmi tədbirdə iştirakından məmnunluğunu bildirib. Dayanıqlı inkişafın başlıca 3 məqsədinin iqtisadiyyat, sosial və ətraf mühit məsələləri olduğunu diqqətə çatdıran V.Andreeava Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. Dayanıqlı inkişaf yolu xəritəsində beynəlxalq əməkdaşlığa və tərəfdaşlığa xüsusi önəm verildiyini qeyd edən BMT-nin rezident əlaqələndiricisi konfransın bu baxımdan əhəmiyyətindən danışıb və konfrans iştirakçılarına uğurlar arzulayıb.

Son dövrdə MDU ilə işbirliyinin uğurla inkişaf etdiyini vurğulayan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tərəfdaş universitetdə təşkil edilən belə bir mötəbər elmi tədbirdə iştirakından məmnunluğunu bildirib. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında keyfiyyətli ali təhsilin və tədqiqatların önəmindən danışan rektor bu istiqamətdə milli və xarici təcrübələrin paylaşılması baxımından beynəlxalq konfransın əhəmiyyətini diqqətə çatdırıb, belə bir əlverişli elmi və akademik platformanın davamlılığını arzulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Şahin Seyidzadə son illərdə Azərbaycanda dayanıqlı inkişafın təmin edilməsi məqsədilə həyata keçirilən islahatlardan və bu kontekstdə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsindən danışıb, konfransın əhəmiyyətini qeyd edib.

Universitetlər arasında akademik və elmi əlaqələrin gücləndirilməsinin dayanıqlı inkişaf strategiyasına töhfəsindən bəhs edən Litvanın Mykolas Romeris Universitetinin rektoru İnga Zaleniene beynəlxalq konfransı yeni tərəfdaşlıqlar üçün əlverişli imkan və gözəl fürsət kimi dəyərləndirib.

Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edən KTO Karatay Universitetinin rektoru B.Sade dayanıqlı inkişafda ali təhsil müəssisələrinin rolundan, iqtisadi inkişafa, sosial rifaha və ətraf mühitin davamlılığına xidmət edən layihələr çərçivəsində birgə elmi tədqiqatların aparılmasının önəmindən bəhs edib və bu baxımdan konfransın böyük imkanlar yaratdığını diqqətə çatdırıb.

Regionda yerləşən universitetlərin dayanıqlı inkişafa töhfələri və strateji fəaliyyətləri barədə danışan Lənkəran Dövlət Universitetinin rektoru N.İbrahimov tədqiqat potensialının inkişaf etdirilməsi və elmi tədqiqatların səmərəli nəticələrinin geniş ictimaiyyətə təqdim olunması baxımından belə elmi tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.

İki universitet arasında yaradılan işbirliyindən məmnunluğunu bildirən Çinin Lancou Maliyyə və İqtisadiyyat Universitetinin prezidenti Venhao Cai rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilən beynəlxalq elmi tədbirlərdə MDU-nun fəal təmsil olunduğunu diqqətə çatdırıb, pandemiya dövründə təhsil sahəsində gələcək işbirliyinin istiqamətlərinin müəyyən edilməsi baxımından konfransın faydalı olacağına inandığını söyləyib.

Qırğız İqtisadiyyat Universitetinin rektoru A.Kadıraliyev təmsil etdiyi ölkədə dayanıqlı inkişafın təmin edilməsi sahəsində əldə edilən nailiyyətlərdən, yaşıl iqtisadiyyata keçidlə bağlı görülən işlərdən, bu məqsədlə rəhbərlik etdiyi universitetin iştirak etdiyi yerli və beynəlxalq layihələrdən danışıb, konfransın qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəyini bildirib.

Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru D.Lukyanenko Azərbaycanın regional ali təhsil müəssisələrindən biri olan MDU ilə əməkdaşlıq çərçivəsində akademik və elmi potensialın gücləndirilməsi məqsədilə həyata keçirilən birgə tədbirlərdən danışıb, konfrans çərçivəsində irəli sürüləcək və dayanıqlı inkişafa fayda qazandıracaq yeni fəaliyyət təşəbbüsləri üzrə universitetlər arasında hərtərəfli əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Daha sonra konfransın plenar iclası keçirilib. Plenar iclasda AMEA-nın müxbir üzvi Akif Musayev “İşğaldan azad olunmuş ərazilərin bərpası: mövcud vəziyyət və effektiv məskunlaşdırma”, MDU-nun Qazi Universitetindən olan qonaq professoru Ercan Nurcan Yılmaz “4.0 Sənaye inqilabı və kibertəhlükəsizlik”, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov “Müasir dövrdə universitetlər: yeni çağırışlar, trendlər, paradiqmalar və gözləntilər”, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Serqey Nikonorov “Davamlı inkişaf və Paris İqlim Sazişi çərçivəsində biznesin karbon neytrallığına keçidində müasir trendlər”, MDU-nun dosenti Aidə Mustafayeva “Süni intellekt texnologiyalarının inkişaf perspektivləri”, Mykolas Romeris Universitetinin professoru Paulo Pereira “4-cü Davamlı İnkişaf Məqsədi (Keyfiyyətli təhsil) kontekstində ali təhsilin önəmi” və V.Hetman adına Kiyev Milli İqtisadiyyat Universitetinin dosenti Oleksandr Fedirko “Avropada klasterləşmə: Ukrayna üçün təcrübə və perspektivlər” mövzularında məruzələr ediblər. Böyük maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Konfrans dekabrın 11-dək üç bölmədə (İqtisad elmləri və idarəetmə; Təbiət və texnika elmləri; Təhsil və humanitar elmlər) işini davam etdirəcək. Bölmə iclaslarında davamlı iqtisadi inkişafın qlobal trendləri, regionların tarazlı inkişafı, ekoloji dayanıqlığın təmini, enerji sektorunun inkişafında müasir tendensiyalar, postpandemiya dövründə dördüncü sənaye inqilabının inkişaf perspektivləri, təhsil sahəsində milli və beynəlxalq təcrübə, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni geoiqtisadi və geosiyasi reallıqlar, işğaldan azad edilmiş ərazilərin bərpası və digər mövzularda məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Dekabrın 11-də beynəlxalq elmi konfransın yekun iclası keçiriləcək.

Beynəlxalq elmi konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 mart 2021-ci il tarixli müvafiq məktubu ilə təqdim olunmuş “Ali təhsil müəssisələrində 2021-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı”na əsasən təşkil olunur.

Konfransa “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən təşkilati dəstək, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “Azərbaycan müəllimi” qəzeti, Trend Müstəqil İnformasiya Agentliyi, “Məktəb Guşəsi” jurnalı, mi-news.az, AzEdu.az və “Mingəçevir” qəzeti tərəfindən media dəstəyi göstərilir.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılmasına, dayanıqlı inkişafın müxtəlif aspektlərinə dair nəticəyönümlü elmi araşdırmaların aparılmasına, yerli və xarici tərəfdaşlarla birgə elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Bu kontekstdə, 2021-ci ildə MDU-nun tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı təsis edilib.