Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr olunan mühazirələr keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr olunan mühazirələr keçirilib

 

2021-ci ilin 3-7 noyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) 44 günlük Vətən Müharibəsinə və Qarabağ Zəfərinə həsr olunan silsilə mühazirələr keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirələrdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Beş gün müddətində davam edən mühazirə proqramına uyğun olaraq, MDU-nun Humanitar fənlər kafedrasından baş müəllim İlham Məmmədov “Azərbaycan xalqı şanlı Qələbənin astanasında – Vətən müharibəsinin 38-ci günü: 3 noyabr 2020-ci il”, müəllim Mirzə Cavadov “Şuşaya aparan Zəfər yolu – Vətən müharibəsinin 39-cu günü: 4 noyabr 2020-ci il”, müəllim Şəlalə Quliyeva “Azərbaycan siyasi təhdidlər və diplomatik təzyiqlər qarşısında – Vətən müharibəsinin 40-cı günü: 5 noyabr 2020-ci il”, baş müəllim Mətanət Yusifova “Erməni miflərinin iflası – Vətən müharibəsinin 41-ci günü: 6 noyabr 2020-ci il” və müəllim Gülər Əjdərzadə “Erməni miflərinin iflası – Vətən müharibəsinin 41-ci günü: 7 noyabr 2020-ci il” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələrdə 2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsinin gedişatından, xalqımızı şanlı Zəfərə aparan başlıca amillərdən, düşmənin kapitulyasiya aktını imzalamasından və möhtəşəm qalibiyyətin əldə edilməsindən bəhs edilib. Bildirilib ki, tarixi Qələbənin təməlində müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti, qəhrəman Azərbaycan Əsgərinin şücaəti, xalqın öz lideri ətrafında “Dəmir yumruq” kimi birləşməsi, informasiya müharibəsində və diplomatiyada üstünlüyün qazanılması, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi dayanır.

Tələbə və müəllim kolektivi üzvləri tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Qeyd edək ki, Vətən Müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə MDU-da müxtəlif formatlı silsilə tədbirlər keçirilir. Sözügedən mühazirələr Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində reallaşdırılıb.

{phocagallery view=category|categoryid=753|limitstart=0|limitcount=0}