Mingəçevir Dövlət Universitetinin kollektiv üzvləri şəhid məzunun məzarını və Hərbi Qənimətlər Parkını ziyarət ediblər

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin kollektiv üzvləri şəhid məzunun məzarını və Hərbi Qənimətlər Parkını ziyarət ediblər

 

2021-ci ilin 26 iyun tarixində Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və universitetin bir qrup akademik, inzibati və tələbə heyəti üzvü Bakı şəhərində səfərdə olublar.

İlk öncə, İkinci Fəxri Xiyabanı ziyarət edən MDU kollektivi üzvləri universitetin şəhid məzunu Faiq Həsənovun məzarının üstünə gül dəstələri düzüb və onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Rektor Ş.Bayramov müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin rəşadəti sayəsində əldə edilən tarixi zəfərdə qəhrəman şəhidlərimizin mühüm pay sahibi olduğunu qeyd edib. Vətənini canından çox sevən övlad yetişdirən şəhid anası Yeganə Həsənovaya dərin ehtiramını bildirən Ş.Bayramov ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Otuz illik yurd həsrətinə son qoyan 44 günlük Vətən müharibəsində MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzununun iştirak ediyini, 5 məzunun isə şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdıran rektor döyüşlərdə göstərdikləri mərdlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə onların müxtəlif medallarla təltif edilməsinin universitet kollektivi tərəfindən böyük fəxarət və rəğbət hissləri ilə qarşılandığını bildirib.

Tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin universitet qarşısında dayanan başlıca vəzifələrdən biri olduğunu vurğulayan Ş.Bayramov şəhid məzunların adlarının əbədiləşdirilməsi istiqamətində MDU-da həyata keçirilən çoxşaxəli işlər barədə məlumat verib.

Doğma yurdlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan bütün vətən övladları ilə qürur duyduğunu bildirən şəhid anası Y.Həsənova ölkəmizdə şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib. Y.Həsənova MDU-da şəhid məzunların daim diqqət mərkəzində saxlanılması və şəhid ailələrinin müntəzəm ziyarət edilməsinə görə universitet rəhbərliyinə təşəkkür edib.

Sonra, Vətən müharibəsində möhtəşəm qalibiyyət qazanan Azərbaycan əsgərinin zəfər yürüşündə göstərdiyi şücaətləri və düşmənə vurduğu sarsıdıcı zərbələri əks etdirən Hərbi Qənimətlər Parkı ziyarət edilib. Tarixi qalibiyyətimizin simvollarından birinə çevrilən Parkda MDU-nun tələbə və müəllim kollektivi üzvləri müharibənin real nəticələri, o cümlədəm düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Silahlı Qüvvələr Günündə müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli Azərbaycan əsgəri ilə fəxr etdiklərini bir daha dilə gətirən MDU əməkdaşları və tələbələri əlamətdar tarixi gün münasibətilə təbriklərini çatdırıblar.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi önəm verilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=643|limitstart=0|limitcount=0}