Mingəçevir Dövlət Universitetinin qazi məzunu Abdulla Abdullayevlə görüş keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin qazi məzunu Abdulla Abdullayevlə görüş keçirilib

 

2021-ci ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin məzunu, Vətən müharibəsi qazisi Abdulla Abdullayevlə görüşüb.

44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində tarixi Zəfərin qazanılması və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif olunması münasibətilə A.Abdullayevi təbrik edən Ş.Bayramov möhtəşəm qalibiyyətdə pay sahibi olduğu üçün MDU ailəsinin bütün üzvlərinin onunla qürur duyduqlarını bildirib.

Dövlət başçımızın şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət və qayğısından bəhs edən rektor ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Vətən Müharibəsi zamanı fiziki imkanları məhdudlaşan qazi məzunun universitetlə sıx əməkdaşlıq etməsi üçün bütün müvafiq imkanların yaradılacağını diqqətə çatdıran Ş.Bayramov nümunəvi vətənpərvər bir gənc olaraq A.Abdullayevi MDU-nun tələbələri ilə davamlı görüşlərə, öz təcrübə və təəssüratlarını bölüşməyə dəvət edib.

Yeddi ildən sonra müzəffər Ordunun qalib əsgəri kimi doğma universitetində olmağın sevinc və həyəcanını yaşadığını bildirən A.Abdulayev ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğının göstərilməsinə görə dövlət başçısına minnətdarlığını ifadə edib.

Tələbələrin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə son dövrdə universitetdə atılan addımları və həyata keçirilən müxtəlif formatlı tədbirləri, xüsusilə MDU-nun şəhid məzunlarının adlarının əbədiləşdirilməsi istiqamətində görülən işləri yaxından izlədiyini qeyd edən A.Abdullayev belə bir ali təhsil müəssisəsinin məzunu olması ilə fəxr etdiyini bildirib.

Universitetin müəllim və tələbə kollektivi üzvləri ilə görüşlərə daim hazır olduğunu diqqətə çatdıran qazi məzun sosial fəaliyyətinin inkişafı baxımından önəmli olan bu dəvəti yüksək qiymətləndirib və yaradılan şəraitə görə MDU rəhbərliyinə təşəkkürünü çatdırıb.

Qeyd edək ki, otuz illik yurd həsrətinə son qoyan 44 günlük tarixi Zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb. Tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman məzunların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.

 {phocagallery view=category|categoryid=639|limitstart=0|limitcount=0}