2025-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meyllərinin qarşısının alınması yolları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca “Heydər Əliyev və din siyasəti” adlı sənədli film nümayiş olunub.
Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli və Bakı İlahiyyat Kollecinin müəllimi Faiq Əhmədzadə mövzu üzrə çıxış ediblər.
Çıxışlarda gənclərin sağlam düşüncə tərzi ilə formalaşmasının, milli-mənəvi dəyərlərə sadiq və radikal çağırışlardan uzaq olmalarının vacibliyi vurğulanıb. Qeyd edilib ki, maarifləndirmə işinin gücləndirilməsi, sosial şəbəkələrdə yanlış ideoloji təsirlərin qarşısının alınması və gənclərin düzgün informasiya mühitində formalaşması mühüm əhəmiyyət daşıyır.
Tədbirin interaktiv hissəsində iştirakçılar qruplara bölünərək mövzu ilə bağlı fikir və təkliflərini təqdim ediblər. Gənclərin aktiv iştirakı və maraqlı çıxışları tədbirə xüsusi dinamika qatıb.