MDU-da Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

2023-cü ilin martın 1-də Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan “Risklərin idarə edilməsində informasiya texnologiyalarının rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Universitetin Mülki Müdafiə otağında keçirilən tədbirdə Mühəndislik fakültəsinin bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib.

Tədbirdə çıxış edən Mexanika kafedrasının müdiri, dosent Mahir İsmayılov Ümumdünya Mülki Müdafiə Gününün önəmini vurğulayıb və əsas məqsədin dünya ictimaiyyətinin diqqətini mülki müdafiə xidmətlərinə, insanların və onların əmlakının xilas edilməsinə, təhlükəsizliyinin təmin edilməsinə və ətraf mühitin qorunmasına yönəltmək olduğunu bildirib. Risk və təhlükə vəziyyətlərində informasiya texnologiyalarının əhəmiyyəti barədə məlumat verən M.İsmayılov təbii fəlakətlərin baş verməsinin proqnozlaşdırılması və ondan sonrakı dövrdə rəqəmsal texnologiyalardan istifadənin faydalarından bəhs edib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hər il 1 mart tarixi Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin fövqəladə hallarda mülki müdafiə hazırlığının təmin edilməsi ilə bağlı müvafiq maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.