İnsan iradəli olunca, aşa bilmədiyi maneə yoxdur

Mingəçevir Dövlət Universitetinin (MDU) üçüncü kurs tələbəsi Qafarlı Heydər Əfqan oğlu artıq 9 ildir ki, görmə qabiliyyətini tamamilə itirib. Görmə məhdudiyyətli olmasına baxmayaraq o, yüksək akademik göstəriciləri ilə universitetdə fərqlənən qabaqcıl tələbələrdəndir.

Heydər Qafarlı 2004-cü ildə İsmayıllı rayonunda anadan olub. O, İsmayıllı rayon Culyan kənd tam orta məktəbini bitirib. Tarix fənninə olan sevgisi onu Tarix müəllimliyi ixtisasına yönəldib. Hazırda MDU-nun Təhsil fakültəsində Tarix müəllimiliyi ixtisası üzrə üçüncü kursda təhsil alır.

Heydər ibtidai sinifdə təhsil alarkən sərbəst oxumağı və yazmağı bacarıb, qiymətləri daim yaxşı olub. Beşinci sinifdə birdən-birə gözlərində zəiflik hiss olunub. Valideynləri uzun müddət onun gözlərini müalicə etdirsələr də heç bir xeyri olmayıb. Nəticədə uşaqlıq çağlarında Heydərin görməsi qısa zamanda tam məhdudlaşıb. Ancaq bu vəziyyət 10 yaşlı məktəblinin dərslərinə davam etməsinə mane olmayıb. Onda olan böyük həvəs, iradə və qavrama qabiliyyəti, eləcə də valideynlərinin dəstəyi dərslərinin mənimsənilməsinə kömək olub. Xüsusilə, anası Sevda xanımın əzmkarlığı sayəsində Heydər orta məktəbi yaxşı qiymətlərlə başa vurub və ali məktəbə qəbul olub.

Heydər onunla söhbət zamanı valideynlərinin dəstəyini xüsusi minnətdarlıqla vurğulayıb: “Mən çatdığım məqama görə, ilk növbədə, valideynlərimə təşəkkür edirəm. Onların dəstəyi və köməyi olmasa idi, mən arzularıma çatmaz və tələbə adını qazana bilməzdim. Atam maddi və mənəvi dəstəyim, anam isə, necə deyərlər, mənim gözlərim olub. Bütün həyatını, karyerasını mənim təhsilimə fəda edib. O oxuyub, mən isə dinləyib yadda saxlamağa çalışmışam. Anamın fədakarlığını unuda bilmərəm. Orta məktəbi yaxşı qiymətlərlə bitirməyim, ali məktəbə qəbul olmağım, hazırda da təhsildə yoldaşlarımdan geri qalmamağımın əsas səbəbkarı anamdır. Onun əməyi sayəsində qarşıma qoyduğum məqsədlərə doğru irəliləməkdə davam edə bilirəm. Mən yaşıdlarıma da demək istəyirəm ki, əsl əngəl fiziki məhdudiyyətli olmaqda deyil, düşüncədədir. İnsan iradəli olunca, aşa bilmədiyi maneə yoxdur”.

Artıq üçüncü ildir ki, təhsili ilə əlaqədar olaraq Mingəçevir şəhərində yaşayan Heydər Qafarlının bu şəhər haqqında fikirləri də maraqlı olub: “MDU-ya qəbul olunduğumu biləndə ailəmiz bir qədər tərəddüd etdi. İsmayıllı rayonu ilə Mingəçevir şəhəri arasında böyük məsafə olmasa da bura bizə yad təsir bağışlayırdı. Lakin Nur şəhərinə gəldiyimiz ilk günlərdən şəhər sakinlərinin istiqanlılığı və mehribanlığı bizdə xoş təəssüratlar oyatdı. Universitetin kollektivinin səmimi münasibəti, tələbə yoldaşlarımın dostcanlılığı bizi burada özümüzü yad hiss etdirməyə qoymadı. Həmçinin, MDU kollektivinin göstərdiyi diqqəti və dəstəyi də xüsusi qeyd etmək istəyirəm.

Qeyd edək ki, əvvəllər Heydər Qafarlının görmə qabiliyyətinin bərpa edilməsinin mümkün olmadığı bildirilmişdi. Lakin hazırda Türkiyədə tibbin müasir texnologiyaları əsasında həyata keçiriləcək əməliyyatlarla Heydərin görməsində müsbət nəticələrin əldə olunmasına ümidlər böyükdür. Qabaqcıl tələbəmizə sağlamlıq diləyir, dərslərində uğurlar arzu edirik.

Mingəçevir Dövlət Universiteti (MDU)

İctimaiyyətlə əlaqələr şöbəsi