Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup məzunu “Qırmızı Ürəklər” Təhsil Tələbə Təqaüd Proqramı çərçivəsində “Absheron Hotel Group” (AHG) Hotel & Resort şəbəkəsində keçdikləri təcrübə proqramının sonunda işlə təmin olunublar.
Təqaüd proqramı çərçivəsində universitetin məzunları ölkənin aparıcı hotellərində peşəkar bacarıqlarını artırmaq, qonaqpərvərlik və xidmət sahəsində beynəlxalq standartlara uyğun təcrübə qazanmaq imkanı əldə ediblər. Təcrübə mərhələsini uğurla başa vuran məzunlar göstərdikləri bilik, bacarıq və məsuliyyətə görə əmək fəaliyyətini davam etdirmək üçün işə qəbul olunublar.
Məzunlarımızdan Səfərov Sabir “Courtyard by Marriott Baku”, Qasımov Rəvan “Baku Marriott Hotel Boulevard”, Allahverdiyeva Elnarə “Sheraton Baku Intourist Hotel”, Ədilov Samir isə “Pik Palace Shahdag, Autograph Collection” hotellərində çalışacaqlar.
Proqram “Qırmızı Ürəklər” Fondu və Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi gənclərin peşəkar inkişafına dəstək göstərmək, onları əmək bazarına hazırlamaq və real iş təcrübəsi qazanmaq imkanı yaratmaqdır.
MDU rəhbərliyi və kollektivi məzunlarımızın belə bir uğura imza atmasını yüksək dəyərləndirərək onların gələcək fəaliyyətlərində uğurlar arzulayır.