Naxçıvan Universitetində Respublika konfransı keçirilib (AZƏRTAC)

Bakı, 26 may, AZƏRTAC

Naxçıvan Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda Respublika konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Respublika konfransı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində ölkəmizin hər bir bölgəsində olduğu kimi dünyaya göz açdığı qədim Naxçıvan torpağında da yüksək səviyyədə, silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb.

Müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edən səlahiyyətli nümayəndə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Belə ki, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olunub, irimiqyaslı iqtisadi layihələrin icrasına başlanılıb.

“Dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqillik dövlətimizin əsas dayaqlarını təşkil edir”, – deyə bildirən Fuad Nəcəfli Ulu Öndərin Azərbaycanın inkişaf strategiyasında Naxçıvanın roluna xüsusi diqqət ayırdığını, ənənələrlə yenilikçiliyin vəhdətinin təcəssümü olan şəhərin məhz Heydər Əliyevin diqqət və himayəsilə böyük nailiyyətlərə qovuşduğunu qeyd edib.

İkinci dəfədir Ulu Öndərin vətəni Naxçıvanda olduğunu bildirən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev fenomenal siyasətçi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, uzaqgörən, praqmatik siyasətindən bəhs edib. Azərbaycanın bugünkü uğurlarının təməlində Heydər Əliyev ideyalarının və siyasətinin dayandığını bildirən Hafiz Paşayev diqqətə çatdırıb ki, əgər Ulu Öndər Heydər Əliyev olmasaydı, Azərbaycan ötən əsrin 90-cı illərində yenicə bərpa etdiyi dövlət müstəqilliyini itirə bilərdi. Məhz ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanla Ermənistan arasında atəşkəsin imzalanması Ulu Öndərin çox böyük səyləri və uzaqgörənliyi sayəsində baş tutub. Bunun nəticəsində isə ölkədə hərtərəfli inkişafa nail olunub.

Hafiz Paşayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasəti həm də bu gün Azərbaycanı dünyaya qalib, zəfər qazanmış bir ölkə kimi təqdim edir. Belə ki, biz dahi şəxsiyyətin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsinə II Qarabağ müharibəsində bir daha şahid olduq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.

Bu cür mötəbər konfransın təşkilinə və dəvətə görə minnətdarlıq edən Hafiz Paşayev Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, müəllifi olduğu kitabları Naxçıvan Universitetinə hədiyyə edib.

Naxçıvan Universitetinin rektoru dosent Anar Kazımov konfrans iştirakçılarını salamlayaraq, Heydər Əliyev ömrünün istənilən sahədə çalışan hər bir vətəndaş üçün örnək olduğunu, Ulu Öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın və ölkə həyatının digər vacib sahələrinin formalaşdırılması, azərbaycançılıq strategiyasının əsaslarının yaradılması istiqamətindəki əzmkar fəaliyyətinin, o cümlədən, onun Naxçıvanın inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğunu qeyd edib. A.Kazımov bu mötəbər elmi toplantının da bu məqsədlərə xidmət edəcəyinə inandığını bildirib.

Ümummilli Liderin 100 illiyinə həsr olunan elmi tədbirə böyük maraq göstərildiyini bildirən rektor, ümumilikdə konfransa 20 ali təhsil və elmi-tədqiqat müəssisəsindən 240-dan çox məqalənin daxil olduğunu diqqətə çatdırıb, konfransın təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov bildirib ki, Ulu Öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib-hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edib. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoyub.

Konfransın mövzusuna toxunan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev böyük idarəçilik təcrübəsinə malik Ulu Öndərin müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırladığını və onu dəqiqliklə həyata keçirdiyini bildirib. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova qeyd edib ki, Heydər Əliyev artıq 20 ilə yaxındır, aramızda yoxdur. Lakin bu gün Azərbaycanın tərəqqisinə və modernləşdirilməsinə yönəlmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müasirləşən Azərbaycan Respublikasının özü 100 illiyini böyük ehtiramla qeyd etdiyimiz Ulu Öndərin işıqlı xatirəsinə həsr olunmuş ən böyük əsərdir. Bu əsər yazılmağa davam etdikcə Heydər Əliyev də Azərbaycan xalqının qəlbində yaşayacaq, onun nurlu ideyaları daim yolumuza işıq salacaqdır.

Naxçıvan Dövlət Universitetinin rektoru dosent Elbrus İsayev çıxışında ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yer tutduğunu bildirib. Elbrus İsayev qeyd edib ki, yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır.

Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov diqqətə çatdırıb ki, bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün Ümummilli Lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycan dövlətini miras qoyub.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov bildirib ki, dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunub.

Plenar iclasdan sonra universitet kampusu və mövcud infrastruktur ilə tanış olan qonaqlar ali təhsil ocağı haqqında yüksək təəssürat əldə etdiklərini bildiriblər.

Konfransda, həmçinin Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar iştirak ediblər.

Xatırladaq ki, Respublika konfransının ilk günü ADA Universiteti və Naxçıvan Universitetinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsert proqramı ilə yekunlaşıb.

İki gün davam edən konfransda 6 bölmə iclası keçirilib. “Beynəlxalq münasibətlər və hüquq”, “Filologiya”, “İqtisadiyyat və idarəetmə”, “Siyasi və humanitar elmlər”, “Elm və təhsil”, “Mədəniyyət” adlı bölmələrdə müvafiq mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb. Konfransın materialları Naxçıvan Universiteti tərəfindən ayrıca kitab halında nəşr ediləcək.