2026-cı ilin 21–25 mart tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən Nabran qəsəbəsində yerləşən “Təhsil İstirahət Mərkəzi”ndə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin əməkdaşları üçün “Novruz 2026” adlı düşərgə təşkil olunub.
Ramazan və Novruz bayramları münasibətilə tətil günlərini əhatə edən düşərgədə Mingəçevir Dövlət Universitetinin 11 əməkdaşı da iştirak edib. Ümumilikdə iki mərhələdə keçirilən düşərgəyə respublikanın müxtəlif bölgələrini təmsil edən 800-ə yaxın təhsil işçisi cəlb olunub.
Düşərgənin birinci mərhələsinin açılış mərasimində ETİHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək komitə sədri Araz Paşayevin Müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, iştirakçılara xoş istirahət və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Düşərgə proqramı çərçivəsində iştirakçılar üçün zəngin və çoxşaxəli fəaliyyət planı təşkil edilib. Proqram milli-mədəni dəyərlərin təbliği ilə yanaşı, təhsil işçilərinin peşəkar inkişafına dəstək göstərilməsinə yönəlib. Bayram tədbirləri çərçivəsində Novruzun qədim ənənələrini əks etdirən müxtəlif mədəni və əyləncəli proqramlar həyata keçirilib.
Eyni zamanda, düşərgə müddətində Azərbaycanın tanınmış elm xadimləri və mütəxəssislərinin iştirakı ilə aktual mövzular üzrə təlim və seminarların təşkili nəzərdə tutulub.
Qeyd edək ki, bu cür təşəbbüslər təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, onların asudə vaxtının səmərəli təşkili və peşəkar inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.