Mingəçevir Dövlət Universitetində görkəmli alim, kimya elminin inkişafında mühüm xidmətləri olan akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illik yubileyi münasibətilə Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə Kimya olimpiadası keçirilib.
Tədbir iştirakçılarına əvvəlcə akademikin həyat və elmi fəaliyyəti, həmçinin ölkə başçısı cənab İlham Əliyevin yubileylə bağlı imzaladığı sərəncam barədə məlumat verilib.
Olimpiadada Kimya, Kimya və Biologiya müəllimliyi, Fizika müəllimliyi, Ekologiya və Ekologiya mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər. Ümumilikdə 50 tələbə öz biliklərini sınayıb.
Yarışmanın sualları test və yazılı cavab tələb edən formatda hazırlanmış 15 tapşırıqdan ibarət olub. Tələbələrin sualları cavablandırması üçün 1 saat 30 dəqiqə vaxt ayrılıb.
Olimpiada yekununda iştirakçılar arasında nəticələr qiymətləndirilərək müvafiq sertifikatların təqdim edilməsi nəzərdə tutulub.