Ömürboyu təhsil mərkəzi
Mingəçevir Dövlət Universitetinin Ömürboyu Təhsil Məktəbi cəmiyyətin müxtəlif yaş qruplarından olan şəxslərin davamlı təhsil imkanlarını genişləndirmək, peşəkar bacarıqlarını inkişaf etdirmək və əmək bazarının tələblərinə uyğun bilik və vərdişlər qazandırmaq məqsədilə fəaliyyət göstərir. Məktəb müasir təhsil prinsiplərinə əsaslanaraq fərdlərin ömürboyu öyrənmə imkanlarını dəstəkləyir və onların şəxsi və peşəkar inkişafına töhfə verir.
Ömürboyu Təhsil Məktəbi təşkil olunan proqramlar nəzəri biliklərlə yanaşı praktiki bacarıqların inkişafına yönəlib. Təlimlər müasir metod və yanaşmalar əsasında həyata keçirilir, iştirakçılara əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaq üçün zəruri bilik və bacarıqlar təqdim olunur.
Məktəbin əsas məqsədi müxtəlif sahələr üzrə ixtisaslaşma, yenidənhazırlanma və ixtisasartırma imkanları yaratmaq, həmçinin fərdi inkişafı təşviq edən çevik və əlçatan təhsil xidmətləri göstərməkdir.
Ömürboyu Təhsil Məktəbinin nəzdində aşağıdakı bölmələr fəaliyyət göstərir:
Beynəlxalq Dil Mərkəzi
Beynəlxalq Dil Mərkəzində universitetin tələbələri, məktəblilər və region gəncləri üçün xarici dillər üzrə kurslar təşkil olunur. Kurslar iştirakçıların dil biliklərinin inkişaf etdirilməsinə, beynəlxalq sertifikat imtahanlarına hazırlığa və akademik və peşəkar fəaliyyət üçün zəruri kommunikasiya bacarıqlarının formalaşdırılmasına yönəlib.
Mühəndis-təkmilləşdirmə və Sertifikatlaşdırma Bölməsi
Bu bölmə mühəndislik və texniki sahələr üzrə ixtisasartırma və peşəkar inkişaf proqramlarının təşkilini həyata keçirir. Təlim proqramları müasir texnologiyalara və istehsalatın real tələblərinə uyğun hazırlanır. Bölmə çərçivəsində müxtəlif sertifikatlaşdırma proqramları və peşəkar təkmilləşdirmə kursları keçirilir.
Qiyabi və təkrar ali təhsil bölməsi
Qiyabi və təkrar ali təhsil bölməsi ali təhsilini qiyabi formada davam etdirmək və ya ikinci ixtisas əldə etmək istəyən şəxslər üçün təhsil imkanları təqdim edir. Bu bölmə vasitəsilə tələbələr təhsillərini iş fəaliyyəti ilə paralel şəkildə davam etdirə bilirlər.
Ömürboyu Təhsil Məktəbi Mingəçevir Dövlət Universitetində davamlı təhsil mühitinin formalaşdırılmasına, insan kapitalının inkişafına və regionda təhsil imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.
