Ordumuz qürurumuzdur
XX əsrin 80-ci illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə hərbi təcavüzə başladı. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibindən 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ayrılması və Ermənistan SSR-ə birləşdirilməsi üçün əvvəlcədən məqsədyönlü şəkildə hazırladıqları planı reallaşdırmaq üçün hərəkətə keçdilər. Ermənistan SSR-in Qafan, Amasiya, Ararat, İcevan, Yeğeqnadzor, Mehri, Sisyan, Gorus, Qukark, Vardenis, Masis, Əzizbəyov, Artaşat, Noyemberyan və s. rayonlarında, eləcə də Yerevan, Kirovakan, Hrazdan, Stepanavan, Spitak, Cermuk, Gümrü və s. şəhərlərində yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından qəddarlıqla deportasiya olundular. Nəticədə, Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovuldu , o cümlədən 216 nəfəri vəhşicəsinə qətlə yetirildi, 1154 nəfəri isə yaralandı.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasına ikinci dəfə siyasi rəhbərliyə qayıtdıqdan sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə kompleks yanaşma həyata keçirildi. Bunun üçün mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunurdu. Bu amillərin içərisində ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq, millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi prioritet təşkil edirdi.
Münaqişə tərəfləri arasında 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Bütün dünya dövlətləri atəşkəsə dair razılaşmadan xəbərdar olmasına baxmayaraq, Ermənistan tez-tez təxribatlar törədərək atəşkəs rejimini pozurdu.
XX əsrin 90-cı illərinin ikinci yarısından etibarən dövlətimizin xarici siyasətinin əsas məqsədi işğal olunmuş torpaqların qaytarılması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq idi. Beynəlxalq tribunalardan bu münaqişənin həllinin yalnız belə mümkün olduğu fikri dəfələrlə səsləndirildi.
2016-cı ilin əvvəllərində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl atdı: aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutdu. Nəticədə dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak oldu, 33 nəfər isə ağır yaralandı. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2 min hektardan çox ərazisini azad etdi. Aprel hadisələri bir tərəfdən Azərbaycan Ordusunun gücünü göstərdisə, digər tərəfdən də status-kvonun saxlanmasının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə bölgəsində gərginliyin əsas səbəbi olduğunu, həmçinin Azərbaycanın heç vaxt işğalla barışmayacağını növbəti dəfə nümayiş etdirdi.
Münaqişənin davam etdiyi müddət ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edirdi ki, “Təcavüz – beynəlxalq hüququn fundamental prinsiplərini kobud şəkildə pozan, gücdən qeyri-qanuni istifadənin ən ağır forması olan beynəlxalq cinayətdir. Sərhədləri bütün dünya tərəfindən tanınmış suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirmir… Azərbaycana qarşı hərbi təcavüz aktı törədən Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə ona qarşı sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməlidir”.
İlham Əliyev bildirirdi ki, bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Müharibə ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır”. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktının prinsipləri əsasında münaqişənin mərhələli şəkildə həllinin siyasi-hüquqi əsasları formalaşmış və beynəlxalq birlik tərəfindən qəbul edilmişdir. Bu, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının birgəyaşayışını nəzərdə tutur. Dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edirdi: “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq… Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində… heç bir güzəşt olmayacaq”.
Lakin Ermənistanın dövlət rəhbərləri Azərbaycanın bu cəhdlərinə məhəl qoymurdu. Nəhayət, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç zaman barışmayacaq. Qarabağ Azərbaycanın əzəli, əbədi torpağı və ayrılmaz hissəsidir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qorunması və bərpa edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması üçün bütün mümkün vasitələrdən istifadə edəcək” dedi və 2020-ci ilin sentyabrında ermənilərin növbəti təxribatından sonra münaqişənin müharibə yolu ilə, özü də ədalətli müharibə yolu ilə həlli vaxtının gəlib çatdığını bildirdi.
2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında Prezident İlham Əliyev azərbaycan xalqının 44 günlük Vətən müharibəsindən, müharibənin nəticələrindən danışaraq qeyd etdi ki, bu müharibədə əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Şanlı ordumuz döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı, biz döyüş meydanında düşməndən intiqamımızı aldıq. Qələbənin qısa müddətdə qazanmağımız isə Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində mümkün oldu. Döyüşlər zamanı sal qayalara aşağıdan dırmaşmaqla, silahdan istifadə etmə məharətilə, müdafiə xətlərini yarmaqla Azərbaycan Ordusu öz dözüm və peşəkarlığını nümayiş etdirdi. Bu müharibə Azərbaycan Ordusuna yeni təcrübə qazandırdı.
Vətən Müharibəsi eyni zamanda peşəkar komandanlıq nümunəsidir. Belə ki, vahid komandanlıq, planlaşdırma olmadan qələbənin əldə olunması qeyri-mümkündür. Bu müharibədə qələbəmizi təmin edən əsas amillərdən biri də strateji planlaşdırma idi. Çünki orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədirdi. Döyüşlərdə kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları, yəni bütün bu elementlərdən istifadə olunurdu və biz bunun sayəsində qələbəyə nail olduq. Prezident əlavə etdi ki, zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq. Amma bizə məlum olan faktlar da Ordumuzun peşəkarlığı və şücaəti ilə qürur duymağa əsas verir.
MƏTANƏT YUSİFOVA
Mingəçevir Dövlət Universiteti
Humanitar fənlər kafedrasının baş müəllimi