Rektor Şahin Bayramovun tələbə və magistrantlara müraciəti!

  • Post category:Xəbərlər (AZ)

Rektor Şahin Bayramovun tələbə və magistrantlara müraciəti!

 

Mingəçevir Dövlət Universitetinin hörmətli tələbə və magistrantları!

Əziz dostlar!

Sabahdan etibarən Mingəçevir Dövlət Universitetində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilir.

Hər birinizə imtahanlarda uğurlar diləyir, yüksək nəticələr göstərməklə müəllimlərinizi və valideynlərinizi sevindirməyi arzulayıram.

Mövcud reallıqlar nəzərə alınmaqla semestr ərzində “Microsoft Teams” platforması üzərindən məsafədən təşkil olunan dərslərdə fəal iştirak etməyiniz imtahanlarda müvəffəq nəticələr qazanacağınıza əminlik yaradır.

Professor-müəllim heyətimiz tərəfindən tədris olunan ayrı-ayrı fənlər üzrə əldə etdiyiniz akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün universitetimizdə bütün zəruri şərait yaradılmışdır.

Mövcud qanunvericiliyə edilən dəyişikliklərin yaratdığı imkanları və karantin dövrünün xüsusiyyətlərini nəzərə alaraq, cari imtahan sessiyasında da müvafiq güzəştlər edilməsinə qərar verdik. Bu barədə professor-müəllim heyətimiz müvafiq qaydada təlimatlandırılıb.

Sessiya ərzində “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu”, “Texniki dəstək qrupu” və “Apellyasiya Komissiyası” fəaliyyət göstərəcəkdir.

Sizi maraqlandıran istənilən məsələ ilə bağlı “Qaynar xətt”ə, fakültə dekanlarına və Tədris şöbəsinə müraciət edə bilərsiniz.

Sessiya dövründə hər həftənin cümə axşamı keçirəcəyimiz “Açıq qapı” günlərində Sizin görüşünüzə gələcəyəm.

Əziz tələbələr!

Əminəm ki, cari imtahan sessiyasında yüksək nəticələr əldə etməklə həm ali təhsil karyeranızda növbəti uğura imza atacaqsınız, həm də müasirləşmə yolunda olan Mingəçevir Dövlət Universitetinə öz töhfənizi verəcəksiniz.

Sizə inanıram və hər birinizlə fəxr edirəm!

Bütün imtahanlarda uğurlar arzulayıram!

 

Şahin Bayramov

Mingəçevir Dövlət Universitetinin rektoru