Rektor Şahin Bayramovun Respublika Günü təbriki!

  • Post category:Xəbərlər (AZ)

Rektor Şahin Bayramovun Respublika Günü təbriki!

 

Mingəçevir Dövlət Universitetinin (MDU) hörmətli professor-müəllim və inzibati texniki heyət üzvləri!

Əziz tələbələr, magistrantlar və məzunlar!

Sizi 28 may – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

1918-1920-ci illərdə cəmi 23 ay ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti şərəfli tariximizə Müsəlman Şərqində ilk demokratik respublika kimi yazılıb. Hər birimiz tariximizin bu şanlı səhifəsi ilə qürur duyuruq.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizdə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək siyasi qiymət verib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində qeyd edilməsi cümhuriyyət tariximizə göstərilən yüksək diqqət və qayğının bariz nümunələrindən biridir.

Fərəhli haldır ki, Azərbaycan ali təhsilinin flaqmanı olan və sonralar digər ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynamış Bakı Dövlət Universiteti məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılıb.

Böyük fəxarət hissi keçiririk ki, hazırda hər birimiz davamlı olaraq güclənən və qüdrətini artıran müstəqil Azərbaycan Respublikasının vətəndaşıyıq.

Hər birinizi Mingəçevir Dövlət Universitetinin əməkdaşı və tələbəsi olaraq üzərinizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə, bununla da ölkəmizin gələcək inkişafında pay sahibi olmağa dəvət edirəm.

Bayramınız mübarək olsun!

       Hörmətlə,

        Rektor Şahin Bayramov