Rektor Şahin Bayramovun “Azərbaycan müəllimi” qəzetinin 27 yanvar 2023-cü il tarixli buraxılışında məqaləsi dərc olunub (III hissə)

MDU modernləşən universitet: strateji hədəflər və əsas nəticələr

2022/2023-cü tədris ilinin payız semestri: yeni əməkdaşlıq imkanları

“Azərbaycan müəllimi” qəzeti, 27.01.2023
Qəzetin PDF versiyası
(I hissə https://www.muallim.edu.az/news.php?id=23483
II hissə  https://www.muallim.edu.az/news.php?id=23562

Əməkdaşlıqda əsas gözləntilər və mövcud istiqamətlər

Təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilməyi gələcəyə baxış olaraq müəyyən edən Mingəçevir Dövlət Universitetində (MDU) qarşılıqlı faydalı və strateji əhəmiyyətli əməkdaşlığın inkişafına xüsusi önəm verilir.

Müvafiq dövlət qurumları, xarici nümayəndəliklər, ictimai birliklər, sənaye müəssisələri, yerli və xarici universitetlər, regional təhsil müəssisələri ilə, eləcə də beynəlxalq universitet birlikləri və beynəlxalq proqramlar çərçivəsində əməkdaşlıq MDU-nun missiyasının davamlı və daha keyfiyyətli şəkildə həyata keçirilməsinin təmin edilməsinə hədəflənmişdir.

Dövlət qurumları ilə əməkdaşlıq

Cari tədris ilinin payız semestri ərzində universitetin müxtəlif istiqamətlər üzrə fəaliyyətinə Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən əhəmiyyətli dəstək göstərilmişdir. MDU-da “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans məhz sözügedən dövlət qurumlarının dəstəyi sayəsində baş tutmuşdur.

Bununla yanaşı, Gənclər və İdman Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Dövlət Vergi Xidməti, Dövlət Məşğulluq Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Təhsil Tələbə Krediti Fondu, Təhsilin İnkişafı Fondu və Gənclər Fondu tərəfindən həyata keçirilən layihələrdə, müsabiqələrdə, təlim və təcrübə proqramlarında fəal təmsilçilik universitet əməkdaşlarının, tələbə və magistrantların bilik və bacarıqlarının artırılmasında faydalı rol oynamış və təhsilin əlçatanlığı üçün əlavə imkanlar yaratmışdır. Eləcə də, müvafiq dövlət qurumlarının regionda yerləşən idarələri ilə birgə fəaliyyətlər inkişaf etdirilmişdir.

Xarici nümayəndəliklər, ictimai birliklər və mərkəzlərlə əməkdaşlıq

Hesabat dövründə ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində MDU-da ingilis dili bacarıqlarının inkişaf etdirilməsi məsələlərinin müzakirəsi məqsədilə görüşlər və xaricdə təhsil imkanları ilə bağlı infosessiyalar keçirilmişdir. Bununla yanaşı, ABŞ Dövlət Departamentinin Fulbright-ETA Proqramı çərçivəsində TEFL sertifikatlı amerikalı mütəxəssisin birillik müddətinə MDU-da tədris və təlim prosesinə cəlb edilməsi təmin olunmuşdur.

Eyni zamanda, regional layihələrə önəm verən Britaniya Şurasının Azərbaycan ofisi ilə potensial əməkdaşlıq istiqamətləri müzakirə edilmiş, MDU-da tələbə və müəllim heyətinin ingilis dili üzrə bilik və bacarıqlarının artırılmasına, ingilis dilinin tədrisinə müvafiq dəstəyin göstərilməsinə dair konkret təkliflər nəzərdən keçirilmişdir.

Bundan əlavə, “Birgə və Sağlam” İctimai Birliyi, “İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyi, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə əməkdaşlığın yaradılması və inkişafı istiqamətində atılan müvafiq addımlar universitetin könüllülük və sosialyönümlü fəaliyyətlərdə potensialının gücləndirilməsinə hədəflənmişdir.

“Bilim Bakı” Mərkəzi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi ilə əməkdaşlıq əlaqələrinin yaradılması universitetdə tələbə startap fəaliyyətlərinin genişləndirilməsi, müvafiq ixtisaslar üzrə kadr hazırlığının məzmununun təkmilləşdirilməsi və əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunlaşdırılması işlərinə töhfə verilməsi məqsədi daşımışdır.

Cari payız semestri ərzində “TIM Consulting” MMC ilə əməkdaşlığın yaradılması və bu çərçivədə müvafiq işlərin görülməsi isə MDU-da vahid elektron idarəetmə platforması olan “Elektron Universitet” modelinin qurulmasına xidmət edir.

Yerli ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq

Ölkəmizin qabaqcıl və qocaman universitetlərindən biri olan Bakı Dövlət Universiteti (BDU) ilə əməkdaşlıq çərçivəsində bu ali təhsil müəssisəsində kvant elminin və texnologiyasının müasir meyillərinə həsr olunan beynəlxalq yay məktəbində MDU əməkdaşının iştirakı təmin olunmuşdur.

Dünya səviyyəli universitetə çevrilməyi hədəfləyən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil edilən “IV təbiət elmləri və mühəndislikdə ixtiralar” mövzusunda beynəlxalq elmi-praktik konfransda MDU əməkdaşı fəal təmsil olunmuşdur. Bununla yanaşı, Britaniya Şurasının “Creative Spark” layihəsi çərçivəsində UNEC-in koordinatorluğu ilə gənclərdə sahibkarlıq və biznes bacarıqlarının inkişafı məqsədilə MDU-da təlim keçirilmişdir. Eləcə də, cari payız semestrindən etibarən MDU-nun tərəfdaş olduğu “Erasmus+” layihələrindən birinə koordinatorluq UNEC tərəfindən həyata keçirilir.

Respublikamızın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq davam etdirilmişdir. Hesabat dövründə Təhsilin İnkişafı Fondunun təşəbbüsü və AzTU-nun təşkilati dəstəyi ilə keçirilən “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminarda MDU əməkdaşlarının da iştirakına şərait yaradılmışdır. Həmçinin, Türkiyənin Qazi Universiteti, AzTU və MDU arasında kibertəhlükəsizliklə bağlı üçtərəfli formatda elmi-praktik konfrans təşkil edilmişdir.

2022-ci ilin oktyabrın 17-də yenilikçi regional tərəfdaş ali təhsil müəssisələrindən olan Lənkəran Dövlət Universitetinin (LDU) rektoru və onun rəhbərlik etdiyi nümayəndə heyəti MDU-nu ziyarət etmişdir. Ziyarət çərçivəsində 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Davamlı inkişaf edən müstəqil Azərbaycan” mövzusunda birgə elmi-nəzəri konfrans keçirilmiş və mövcud Əməkdaşlıq Müqaviləsinə Əlavələr imzalanmışdır. Sözügedən Əlavələr hər iki universitetdə mövcud laboratoriyalardan birgə istifadə, fənn proqramlarının təkmilləşdirilməsi, tələbə və müəllim mübadiləsi, birgə tədqiqat işlərinin aparılması və ortaq məqalələrin yazılması istiqamətində əməkdaşlığın inkişafını özündə ehtiva edir.

Bununla yanaşı, ötən ilin dekabrında MDU-da keçirilən beynəlxalq elmi konfransa təşkilati dəstək göstərən Elm və Təhsil Nazirliyinin tabeliyində Fizika İnstitutu ilə tərəfdaşlığa başlanılmışdır.

Region ümumtəhsil məktəbləri ilə əməkdaşlıq

 Cari payız semestrində MDU regionda fəaliyyət göstərən bir sıra ümumtəhsil məktəbləri ilə işbirliyini davam etdirmişdir. Əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə fəaliyyətlər sırasında “Şuşa İli”nə həsr olunan “Shusha – The pearl of Azerbaijan culture” (Şuşa – Azərbaycan mədəniyyətinin incisidir) adlı ingilis dilində tədbiri, “Mükəmməl elm və təhsil səviyyəsinə gedən yol ümumtəhsil məktəblərindən keçir” devizi altında riyaziyyat üzrə tələbə və şagirdlərin elmi-praktik konfransını qeyd etmək olar. Birgə tədbirlərə Mingəçevir şəhər 3, 9, 12, 20 saylı tam orta məktəblərin, eləcə də Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbin müəllim və şagird heyəti fəal qoşulmuşlar.

Xarici universitetlərlə əməkdaşlıq

Türkiyənin nüfuzlu Qazi Universiteti ilə əməkdaşlığın inkişafı hesabat dövründə də diqqətdə saxlanılmışdır. Birgə fəaliyyətlər çərçivəsində noyabrın 29-da “İnformasiya təhlükəsizliyi günləri”nə həsr olunan “Kibertəhlükəsizlik: əsas çağırışlar və müasir texnologiyalar” mövzusunda tələbələrin elmi-praktik seminarı və noyabrın 30-dan dekabrın 2-dək “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Həmçinin, dekabr ayında MDU-nun bir əməkdaşının Qazi Universitetində ikihəftəlik təcrübə keçməsinə müvafiq şərait yaradılmışdır. Bundan əlavə, 2022/2023-cü tədris ilində Qazi Universitetindən daha bir alim MDU-da Mühəndislik fakültəsində birillik elmi-pedaqoji fəaliyyətə cəlb olunmuşdur.

Hesabat dövründə Türkiyənin KTO Karatay Universiteti ilə işbirliyi çərçivəsində Qarabağ Zəfərinin ikinci ildönümünə həsr olunan elmi konfrans keçirilmişdir. Konfransda Qarabağ Zəfəri tarixi, siyasi, iqtisadi və mədəni aspektlərdən dəyərləndirilmiş və yeni geosiyasi reallıqlar kontekstində türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi ilə bağlı aparılmış tədqiqatların nəticələri təqdim olunmuşdur.

Ötən ilin noyabrın 4-də Heydər Əliyev Mərkəzində keçirilən Türkiyə-Azərbaycan biznes forumunda MDU və İstanbul Gedik Universiteti rektorları arasında görüş keçirilmiş və Əməkdaşlıq Memorandumu imzalanmışdır. Memorandumda iki qardaş ölkənin universitetləri arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və akademik heyət üzvlərinin mübadiləsi, təcrübə və laboratoriya imkanlarından yararlanmaq, birgə elmi-tədqiqat işlərinin təşkili, universitet-sənaye əməkdaşlığı çərçivəsində ortaq fəaliyyətlərin həyata keçirilməsi və digər məsələlər əksini tapmışdır. Bununla yanaşı, noyabrın 7-də İstanbul Gedik Universiteti ilə birlikdə Qarabağ Zəfərinin ikinci ildönümünə həsr olunan birgə tədbir təşkil olunmuşdur.

Dekabrın 2-də Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) ilə əməkdaşlıq çərçivəsində “Şuşa İli”nə həsr olunan “Qarabağda turizmin davamlı inkişafı: mövcud potensial, əsas hədəflər və Türkiyə təcrübəsi” mövzusunda birgə konfrans maraqla qarşılanmışdır. Konfransda turizmdə davamlılıq konsepsiyası, bu sahədə müşahidə olunan qlobal trendlər və tətbiq edilən qabaqcıl təcrübələrdən bəhs edilmiş, eləcə də yeni turizm destinasiyası kimi Qarabağın mövcud potensialı nəzərdən keçirilmiş və perspektiv fəaliyyət istiqamətləri ilə bağlı faydalı təkliflər irəli sürülmüşdür. Eyni zamanda, müvafiq təcrübənin öyrənilməsi və əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə dekabrda MDU-nun bir əməkdaşı AHBVU Turizm fakültəsində olmuşdur.

Oktyabrın 7-də MDU tərəfdaş Kiyev Milli Texnologiya və Dizayn Universitetinin evsahibliyi ilə keçirilən “Qloballaşma şəraitində təhsil, elm və biznesin inteqrasiyası problemləri” mövzusunda IV Beynəlxalq elmi-praktik konfransın əsas tərəfdaşlarından biri olmuşdur.

Dekabrın 7-də tərəfdaş Qazaxıstan Milli Aqrar Tədqiqat Universitetinin təşkilatçılığı ilə keçirilən “Biznesin qiymətləndirilməsi: müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfransda MDU əməkdaşları fəal iştirak etmişlər.

2022-ci ilin sentyabrında MDU və Qırğız İqtisad Universitetləri arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum universitetlər arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını və birgə fəaliyyətlərin həyata keçirilməsini özündə ehtiva edir. Bununla yanaşı, MDU rektoru bu ali təhsil müəssisəsinin kollektivi ilə görüşdə əməkdaşlığın potensial inkişaf istiqamətləri barədə müzakirələr aparmış, “Yeni dövrün universitetinin qurulması: Mingəçevir Dövlət Universiteti təcrübəsi” mövzusunda təqdimatla çıxış etmişdir.

“Erasmus+” layihələri çərçivəsində əməkdaşlıq

MDU Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində həm tələbə və müəllim mübadiləsi, həm də potensialın gücləndirilməsi layihələrində fəal iştirak edir.

MDU  “Erasmus+” proqramı çərçivəsində Lüksemburq Universiteti, Türkiyənin Qazi Universiteti, Rumıniyanın Transilvaniya Braşov Universiteti və Timoşoara Politexnik Universiteti, İspaniyanın Valladolid Universiteti və Bolqarıstanın Varna İqtisadiyyat Universiteti ilə tələbə və işçi mübadiləsini nəzərdə tutan müvafiq protokollar imzalamışdır.

2022-ci ilin 24-28 oktyabr tarixlərində Lüksemburq Universitetinin doktorantı “Erasmus+” mübadilə proqramı çərçivəsində MDU-da olmuş, akademik və inzibati heyət üzvləri ilə görüşmüş, gənc müəllimlər, tələbələr üçün seminarlar və təlimlər keçmişdir.

MDU əməkdaşı “Erasmus+” mübadilə proqramı çərçivəsində Çexiyada iki həftə davam edən “Leaders of Tomorrow” (Sabahın liderləri) layihəsinin təlimlərində iştirak etmişdir.

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar (GEOCLIC)” adlı “Erasmus+” layihəsi çərçivəsində 2022-ci ilin sentyabrında MDU-nun 3 əməkdaşı Rumıniyanın Konstanta Maritime Universitetində keçirilmiş təlimlərə qatılmışdır. Altı gün davam edən təlimlər layihə tərəfdaşları arasında əməkdaşlığın dərinləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, tədris metodlarının inkişaf etdirilməsi, laboratoriya şəraitində iş bacarıqlarının artırılması, xüsusi cihazların iş prinsipi ilə tanışlığın həyata keçirilməsi məqsədi daşımışdır.

Ötən ilin sentyabrında MDU-nun koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı “Erasmus+” layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul edilmişdir. Bununla da, MDU Azərbaycanda “Erasmus+” layihəsi koordinatoru olan ilk region universiteti olmuşdur. Layihənin əsas məqsədi Azərbaycanın müvafiq ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsindən, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsindən və innovativ yanaşmanın təkmilləşdirilməsindən ibarətdir. Büdcəsi 800 min avro olan və 3 il müddətində davam edəcək layihənin icrası zamanı Avropa İttifaqı ölkələrini təmsil edən tərəfdaş universitetlərin müsbət təcrübəsi öyrəniləcək, layihədə iştirak edən Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları üçün çoxsaylı təlimlər təşkil ediləcəkdir. Layihədə tərəfdaş qismində Azərbaycanın 11 ali təhsil müəssisəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, eləcə də 5 Avropa İttifaqı ölkəsini (İsveç, İspaniya, Portuqaliya, Estoniya, Polşa) təmsil edən universitetlər yer almışlar.

Bunlarla yanaşı, 2022-ci ildə MDU İtaliyanın Floggia Universitetinin koordinatorluğu ilə “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (VEHUB4YOU), Xəzər Universitetinin koordinatorluğu ilə “Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarının İnkişafı” (DIRNA), Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluğu ilə “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” adlı “Erasmus+” layihələrində tərəfdaş olaraq qəbul edilmişdir.

Beynəlxalq Universitetlər Assosiasiyasına üzvlük

Hesabat dövründə MDU Beynəlxalq Universitetlər Assosiasiyasına (IAU) üzv qəbul olunmuşdur. Ali təhsil sahəsində dünyanın ən böyük təşkilatı hesab edilən IAU 130-dan çox ölkənin 600-dən artıq universitetini birləşdirir. IAU dünya ali təhsil ictimaiyyətinin nümayəndələrini, ekspertləri və universitet liderlərini ali təhsil sahəsində qlobal gündəliyə aid əsas məsələlərə həsr olunan beynəlxalq konfranslar və görüşlərdə, tematik ixtisaslaşdırılmış seminarlar və vebinarlarda bir araya gətirən beynəlxalq şəbəkələşmə və əməkdaşlıq platforması kimi çıxış edir.

2022-ci ilin oktyabrında İrlandiyanın paytaxtı Dublin şəhərində “Universitetlərin gələcək cəmiyyətə uyğunluğu və əhəmiyyəti” mövzusuna həsr olunan IAU 16-cı Baş Konfransında MDU-nun rektoru bu beynəlxalq təşkilatın İdarə Heyətinə üzv seçilmişdir. Qeyd edək ki, IAU İdarə Heyəti təşkilatın əsas idarəedici qurumudur və üzvləri dörd il müddətinə seçilir. Hazırda 17 üzvü olan İdarə Heyəti hər il toplanır, Baş Konfransın qərarlarının icrasını təmin edir və IAU Katibliyinin işinə rəhbərlik edir.

Dünya Rektorlar Forumu

2022-ci ilin 14-15 sentyabr tarixlərində MDU Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilən Dünya Rektorlar Forumunda təmsil olunmuşdur. “Milli innovasiya ekosisteminin qurulmasında universitetlərin rolu” mövzusuna həsr olunan Forum Qırğız Respublikasının Təhsil və Elm Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə baş tutmuşdur. Foruma dünyanın 60-a yaxın ölkəsindən 100-dən çox ali təhsil müəssisəsinin rektorları, ekspertlər, beynəlxalq təşkilatların, proqram və fondların nümayəndələri qatılmışdır. MDU rektoru Forumun panel sessiyasında “Yeni dövrün universitetinin qurulması: innovativ və dayanıqlı inkişaf əsaslı ali təhsil müəssisəsi konsepsiyası” mövzusunda təqdimatla çıxış etmişdir.

Bununla yanaşı, MDU hesabat dövründə Vyanada “Beynəlxalq Alman Dili Müəllimləri Birliyi”nin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Alman Dili Müəllimlərinin XVII Konfransında, Seulda “İKT mütəxəssisi hazırlığı proqramı 2022” çərçivəsində keçirilən “Süni intellekt və Təhsil Texnologiyaları” beynəlxalq təlim kursunda təmsil olunmuşdur.

Beləliklə, qeyd edilən istiqamətlər üzrə qarşılıqlı faydalı işbirliyinin inkişaf etdirilməsi universitetdə mövcud potensialın gücləndirilməsi, idarəetmə, tədris və tədqiqat fəaliyyətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi işinə töhfə verərək modernləşmə yolunda MDU-nun strateji hədəflərə doğru irəliləməsinə mühüm zəmin yaratmışdır.

Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru