2023-cü ilin 11-15 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi və İtaliyanin Focca Universitetinin (University of Foggia) koordinatorluğu ilə keçirilən “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (VEHUB4YOU) mövzusunda Erasmus+ layihəsi çərçivəsində Latviyanın Riqa şəhərində yerləşən RISEBA Tətbiqi Elmlər Universitetinə (RISEBA Universiteti) işgüzar səfər təşkil olunub.
Səfərdə Ukraynanın Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti, Sosial və İqtisadi Təşəbbüslər İnstitutu, Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi, İtaliyanın Focca Universiteti və Azərbaycandan MDU-nun əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib. Səfərin əsas məqsədi VEHUB4YOU layihəsi çərçivəsində növbəti iki il ərzində görüləcək işlərin müzakirəsini aparmaq, 13-30 yaş arası gənclərin biznes layihələrinə cəlb edilməsi imkanlarını araşdırmaq və RISEBA Universitetinin biznes bacarıqları üzrə təcrübəsini öyrənmək olub.
Görüşün ilk günü RISEBA Universitetinin Elmi işlər üzrə prorektoru Valters Kaze giriş nitqi ilə iştirakçıları salamlayıb və universitetdə aparılan tədqiqat fəaliyyəti haqqında təqdimatla çıxış edib. V.Kaze layihənin faydalılığı və ali təhsil sistemində beynəlxalq təcrübə mübadiləsinin töhfələri haqqında ətraflı məlumat verib. Daha sonra Riseba Universitetinin Xarici Əlaqələr üzrə departamentinin rəhbəri Qalina Zilqalve universitetin beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. “Education for your success” tədqimatı ilə əməkdaşlıq edilən universitetlər və həyata keçirdiyi layihələr haqqında danışan Q.Zilqalve iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Təlimin növbəti günlərində RISEBA Universitetinin Kareyra İnkişafı və Məzunlarla iş Mərkəzinin rəhbəri Anna Kvelde və Ömür Boyu Davamlı Təhsil Mərkəzinin rəhbəri Zane Rasçevska “Latviya startap ekosistemi” adlı təqdimatı ilə ölkədəki inkubasiya mərkəzləri, startap proqramlarının inkişafına dəstək olan xidmətlər və Latviyanın top startap şirkətləri haqqında, eləcə də RISEBA-nın yaradıcı biznes inkubasiya proqramları, startap layihələri, universitetin əməkdaşlıq etdiyi müəssisələr haqqında və real biznes hakatonlarının reallaşdırılması üzrə layihələrin icrası haqqında ətraflı məlumat veriblər. Daha sonra, RISEBA Bakalavr və Audio-vizual Media Art Departamenitinin (Risebahuck) direktoru Keitija Qrende öz tədqimatları ilə çıxış edərək iştirakçıları ali təhsil sistemində biznes təfəkkürünün formalaşdırılması, sözügedən səhədə beynəlxalq layihələrə Avropa Birliyinin tərəfdaş ölkələrindən olan universitetlərin cəlb edilməsi, elmi-tədqiqat işlərinin aparılması, təcrübə mübadilə proqramlarında iştirak imkanlarının müəyyənləşdirilməsi haqqında ətraflı məlumat verib.
Sonda Zane Rascevska özünün startap qalibi kimi uğur hekayəsini iştirakçılarla bölüşüb.
Növbəti günlər əsasən VEHUB4YOU layihəsi çərçivəsində növbəti tədris ilində görüləcək işlər haqqında komanda işləri aparılıb. Layihə iştirakçıları onlayn biznes təlimləri üçün metodiki vəsaitlər, biznes kursların mövzuları, biznes habların təşkili və fasilitatorlar üçün təlim proqramının üzərində işləyiblər. Daha sonra iştirakçılar universitetin hər iki kampusunu ziyarət edib, dərs prossesini izləyiblər.
Təlimin son günü Riseba Univeristetinin rektoru professor Luciya Rutko və Beynəxalq əlaqələr üzrə departamentin müdiri Qalina Zilqalve Mingəçevir Dövlət Universitetindən olan nümayəndə heyəti ilə görüş təşkil edib. MDU-da təşkil olunmuş II Beynəlxalq Konfransdan məmnunluğunu bildirən rektor MDU və RİSEBA arasında əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib. Daha sonra hər iki universitet arasında təhsilin bakalavr və magistr səviyyələri üzrə mümkün müəllim- tələbə mübadiləsi proqramları, elmi- tədqiqat işləri və beynəlxalq əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Hazırda Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq istiqamətində danışıqlar aparılır.
İşgüzar səfərdə MDU-nu 2 nəfərdən ibarət nümayəndə heyəti universitetin Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Samira Əhmədova və Tədris Şöbəsi Tədrisin Keyfiyyətinə Təminat və Qiymətləndirmə Bölməsinin böyük mütəxəssisi Lamiyə İbrahimova təmsil edib.
Qeyd edək ki, VEHUB4YOU layihəsi “Ali Təhsil və Gənclər üzrə Virtual Mübadilə” (ERASMUS-EDU-2021-VIRT-EXCH) proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən 2022-ci ildə qalib elan olunub. 36 ay ərzində (2023-2025) icra edilməsi nəzərdə tutulan layihənin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri Avropa İttifaqından Ukrayna və Azərbaycan gənclərinə ötürməkdir. Gənclər sahəsində potensialın gücləndirilməsinə, əməkdaşlıq və mübadiləyə dəstək göstərən layihənin ümumi büdcəsi 349841 avro təşkil edir.