Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Rəqəmsal Aqrar Həllər və Smart Farming İdeya” adlı yarışma təşkil olunub. Yarışmada universitetin tələbələri iştirak edərək aqrar sahədə innovativ və rəqəmsal həllərə əsaslanan ideyalarını təqdim ediblər.
Tədbirin əsas məqsədi kənd təsərrüfatında müasir texnologiyaların tətbiqini təşviq etmək, tələbələrin yaradıcılıq və innovativ düşünmə bacarıqlarını inkişaf etdirmək, eləcə də smart farming yanaşmalarının genişləndirilməsinə dəstək vermək olub.
Yarışma çərçivəsində iştirakçılar tərəfindən ağıllı suvarma sistemləri, rəqəmsal monitorinq platformaları, aqrar sahədə data əsaslı qərarvermə mexanizmləri kimi müxtəlif layihələr təqdim olunub. Təqdim olunan ideyalar münsiflər heyəti tərəfindən innovativlik, tətbiq oluna bilmə imkanları və aktuallıq baxımından qiymətləndirilib.
Sonda fərqlənən iştirakçılar mükafatlandırılıb və onların gələcəkdə layihələrinin inkişaf etdirilməsi üçün tövsiyələr verilib.
Qeyd edək ki, bu kimi təşəbbüslər tələbələrin praktiki biliklərinin artırılmasına, startap düşüncəsinin formalaşdırılmasına və aqrar sahədə rəqəmsal transformasiyanın təşviqinə mühüm töhfə verir.