Ucarda Fizika fənninin tədrisi ilə bağlı seminar keçirilib

2023-cü il noyabrın 24-də Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Fizika fənninin tədrisində innovativ təlim metodlarından istifadə” mövzusunda elmi seminar keçirilib.

Ucar rayonu Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda ümumtəhsil məktəblərinin Fizika müəllimləri və MDU-nun bir qrup əməkdaşı iştirak edib.

Seminarın açılışında məktəbin direktoru Elburus Baxşəliyev və MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova çıxış ediblər. Bildiriblər ki, seminar ümumi təhsil müəssisələrində Fizika fənninin tədrisinin keyfiyyətinin daha da yüksəldilməsi, fənn müəllimlərinin təcrübə mübadiləsinin təmin edilməsi və şagirdlərin fizikaya marağının artırılması istiqamətində görülən işlərə töhfə məqsədi daşıyır.

Sonra proqrama uyğun olaraq məruzələr dinlənilib.

MDU əməkdaşlarından Aygün Orucova “Təhsildə keyfiyyət problemi: ənənədən innovasiyaya”, Rayihə Ağayeva “Fizikanın tədrisində innovativ təlim metodları” və Xəyalə Hüseynova “Fizika fənninin tədrisində qeyri-ənənəvi metodlar” mövzusunda məruzələrlə çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Seminar çərçivəsində, həmçinin şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Qeyd edək ki, 2023-cü il aprelin 20-də MDU ilə Mərkəzi Aran RTİ arasında “Heydər Əliyev İli” çərçivəsində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq birgə fəaliyyətlər davam edir. Tədbirlər Planı ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə elmi konfrans, seminar və mühazirələri, pedaqoji ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsinə dair dəyirmi masaları, gənc müəllimlər və yeni təyin olunmuş məktəb direktorları üçün ustad dərsləri, şagirdlərin “Sabahın alimləri” müsabiqəsinə hazırlanmasını və sair tədbirləri özündə ehtiva edir.  Tədbirlər Planı çərçivəsində təqdim olunan imkanlar MDU əməkdaşları və tələbələri, Mərkəzi Aran RTİ-nin 7 şəhər və rayon (Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir) üzrə inzibati-pedaqoji heyəti və şagirdlərinin faydalanması üçün nəzərdə tutulub.