Mingəçevir Dövlət Universitetinin (MDU) sonuncu kurs tələbələrinin 2024-cü ilin fevral ayından etibarən başlayan təcrübə müddəti öz fəallığı ilə davam edir.
˝Riyaziyyat və informatika müəllimliyi˝ ixtisası üzrə təhsil alan beşinci kurs tələbələri pedaqoji təcrübədə olduqları Mingəçevir şəhər M.Hüseynzadə adına 3 saylı tam orta məktəbdə keçirilən müxtəlif görüş, dəyirmi masa və tədbirlərdə öz aktivliyi ilə seçilirlər.
Təcrübə rəhbəri Səadət Aslanovanın dəstəyilə Rİ19.1, Rİ19.2 qrup tələbələri təcrübə keçdikləri şagirdlərlə birlikdə Mingəçevir şəhər Səməd Vurğun adına Mədəniyyət evinin işçiləri tərəfindən məktəbdə təşkil olunan “Gender bərabərliyi” mövzusunda dəyirmi masada iştirak ediblər.
Görüşdə mədəniyyət evinin əməkdaşı Yeganə Məmmədova dünyada və ölkəmizdə gender problemi, gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Tələbələrimizdən Mehriban Ələsgərova və Sənan Məhyəddinov mövzuya bağlı fikirlərini bildiriblər. Qeyd ediblər ki, qadın və kişilərin sosial vəziyyətindəki fərqlər, onların hüquqlarının bərabər olmaması əsrlər boyu yanlış olaraq bioloji səbəblərlə izah edilib. Əslində isə gender bərabərliyi dedikdə bərabər maddi rifah, bərabər imkanlar, oxşar dəyərlər sistemi, qərarların qəbul edilməsi prosesində bərabərhüquqlu iştirak, resurslara və qazanclara bərabərhüquqlu nəzarət və digər amillər nəzərdə tutulur.
Dəyirmi masa ətrafında ölkəmizdə qadın və kişi hüquqları, cəmiyyətimizdə bu hüquqların tənzimlənməsi mövzusunda davam edən müzakirədə təcrübə keçən tələbələr və şagirdlər fikirlərini ifadə ediblər.