2024-cü il fevralın 23-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Ətraf mühitə uyğun biznes təcrübələri: Maneələr və nümunələr” mövzusunda təlim keçirilib. Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçerin təqdimatı ilə keçən təlimdə universitetin bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş təlimdə təqdimatla çıxış edən professor ətraf mühitə uyğun biznes təcrübələri, iş dünyasında davamlılıq, ətraf mühitin mühafizəsi və sosial məsuliyyət kimi məsələlərə diqqət yetirən müəssisələrin həyata keçirdiyi strategiyaları xüsusi vurğulayıb. Hazırki dövrdə müəssisələrin yalnız mənfəətə diqqət yetirməklə deyil, həm də ətraf mühit və sosial təsirləri nəzərə almasını bildirən E.Güçer ekoloji cəhətdən təmiz və sosial məsuliyyət daşıyan bəzi biznes təcrübələri haqqında məlumat verib və sonda ona ünvanlanan suallara ətraflı cavab verib. O, bütün əməkdaşlara “azalt, yenidən istifadə et və təkar emal et” şüarına daim əməl etməklə yaşıl dünyanın qorunmasında həmrəy olmağı tövsiyə edib.
Qeyd edək ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. Məqsəd gələcəkdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, sağlam həyat konsepsiyasının yaradılmasıdır. Ona görə də iş dünyasında ətraf mühitə nəzər salmaq, sosial və ekoloji məsələlərə diqqəti artırmaq və inkişaf etdirmək olduqca vacibdir.