Türkiyənin Gəncədəki Baş konsulu MDU-nun qonağı olub

  • Post category:Beynəlxalq

2024-cü ilin yanvarın 29-da Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Mingəçevir Dövlət Universitetində (MDU) olub. Ziyarət çərçivəsində Baş konsul universitetin rektoru Şahin Bayramovla görüşüb. Görüşdə universitetin müvafiq əməkdaşları, eləcə də MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professorlar iştirak ediblər.

Baş konsulun universitetə gəlişindən məmnunluğunu bildirən Ş.Bayramov təhsil sahəsinə verdiyi önəmə görə qonağa təşəkkür edib. MDU-nun mövcud potensialından və strateji hədəflərindən bəhs edən rektor müasirləşmə yolunda qardaş Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən R.Öztop MDU-da olmaqdan məmnunluğunu bildirib. Baş konsul qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan- Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini qeyd edib, ali təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyindən danışıb.

Sonra görüşdə MDU-nun Türkiyə universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığının genişləndirilməsinin potensial istiqamətləri barədə fikir mübadiləsi aparılıb və bu istiqamətdə Bas Konsulluğun müvafiq dəstəyi ifadə edilib.

Qeyd edək ki, MDU-nun beynəlxalq əməkdaşlığında qardaş ölkənin universitetləri ilə işbirliyinin inkişafına xüsusi önəm verilir.