Mingəçevir Dövlət Universitetində “I Türkoloji Qurultay – 100 il: Türk xalqlarının ortaq elmi irsi, dil birliyi və müasir çağırışlar” mövzusunda elmi seminar keçirilib

14 may 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində “I Türkoloji Qurultay – 100 il: Türk xalqlarının ortaq elmi irsi, dil birliyi və müasir çağırışlar” mövzusunda elmi seminar keçirilib. Universitetin II tədris binasında yerləşən Heydər Əliyev Muzeyində təşkil olunan tədbir Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilib.

Elmi seminar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil olunub. Tədbirdə qeyd edilib ki, 1926-cı ildə Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və mənəvi birliyinin formalaşmasında mühüm rol oynayan tarixi hadisələrdən biridir. Qurultay türk dillərinin inkişafı, əlifba islahatı, ortaq mədəni dəyərlərin qorunması və türk xalqları arasında elmi əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyıb.

Seminarı giriş sözü ilə açan MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova Birinci Türkoloji Qurultayın türk dünyasının ortaq yaddaşında xüsusi yer tutduğunu vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam türkoloji irsə verilən yüksək dəyərin göstəricisi olmaqla yanaşı, türk xalqları arasında elmi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Tədbirdə çıxış edən MDU-nun Pedaqoji fakültəsinin dekan müavini, filologiya elmləri doktoru, professor Flora Namazova “Bakıdan başlayan yol: I Türkoloji Qurultayın türk dünyasının gələcəyinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qurultayın türk xalqları arasında ortaq elmi düşüncənin formalaşmasına verdiyi töhfələrdən bəhs olunub.

MDU-nun Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov “I Türkoloji Qurultay və Azərbaycanın türk dünyasında intellektual mərkəz rolu” mövzusunda çıxış edərək Azərbaycanın tarixən türkoloji fikrin əsas mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb.

Daha sonra MDU-nun Humanitar fənlər kafedrasının müəllimi, doktorant Leyla Babayeva “Unudulmayan qurultay: 100 ildən sonra 1926-cı il Bakı görüşünün mesajları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Birinci Türkoloji Qurultayın müasir dövrdə də aktuallığını qoruyan ideyaları təhlil olunub.

MDU-nun Humanitar fənlər kafedrasının müəllimi, “Əməkdar müəllim” Könül Aydın “Bir əsrlik ideya: Türkoloji Qurultay və ortaq kimlik konsepsiyası” mövzusunda çıxış edərək türk xalqlarının ortaq kimlik və mənəvi birlik məsələlərinə toxunub.

Seminarda həmçinin MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Hüseynova “1926-cı il Bakı Qurultayının iştirakçıları və onların elmi irsi” mövzusunda məruzə təqdim edib. Çıxışda qurultay iştirakçılarının türkoloji elmin inkişafındakı xidmətləri haqqında geniş məlumat verilib.

Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların fikir və təklifləri dinlənilib. Çıxışlarda vurğulanıb ki, Birinci Türkoloji Qurultayın ideyaları bu gün də türk dünyasında elmi, mədəni və mənəvi əməkdaşlığın inkişafında mühüm rol oynayır. Seminar iştirakçıları qurultayın türk xalqlarının ortaq tarixi yaddaşında mühüm yer tutduğunu və onun irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd ediblər.

Tədbirin sonunda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunmasının türkoloji araşdırmaların inkişafına, ortaq mədəni irsin təbliğinə və türk dünyası arasında inteqrasiyanın gücləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.