Mingəçevir Dövlət Universitetində turizm sahəsində dil kompetensiyalarının inkişafına həsr olunan elmi-praktik təlim keçirilib

Mingəçevir Regional Turizm İdarəsi ilə Mingəçevir Dövlət Universiteti arasında formalaşan əməkdaşlıq çərçivəsində universitetin Turizm ixtisası üzrə təhsil alan tələbələri üçün “Turizmdə Çin Dilinin Strateji Əhəmiyyəti və Müasir İnkişaf Perspektivləri” mövzusunda elmi-praktik təlim təşkil olunub.

Təlimin əsas məqsədi tələbələrin beynəlxalq turizm sənayesində aktual çağırışlar, qlobal kommunikasiya mühiti, xarici dil bacarıqlarının peşəkar fəaliyyətə təsiri və müasir turizm bazarlarında formalaşan yeni inkişaf istiqamətləri barədə biliklərinin artırılması, onların sahə üzrə praktiki dünyagörüşünün genişləndirilməsi olub.

Tədbirdə Mingəçevir Regional Turizm İdarəsinin nümayəndələri, eləcə də MDU-nun müəllimləri Ziya Qurbanzadə və Əli Nadirov, həmçinin təlimçi qismində Vəfa Mustafazadə iştirak ediblər. Təlim çərçivəsində turizm sektorunda peşəkar kommunikasiya, multikultural mühitdə effektiv ünsiyyət və xarici dil bacarıqlarının xidmət keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyəti ilə bağlı geniş təqdimatlar səsləndirilib.

Təlim zamanı Çin dilinin beynəlxalq turizm sənayesində rolu, Çin turizm bazarının qlobal iqtisadiyyatda artan mövqeyi, turizm sahəsində xarici dil biliklərinin karyera imkanlarına və peşəkar inkişaf prosesinə təsiri barədə tələbələrlə ətraflı fikir mübadiləsi aparılıb.

Təlim zamanı müasir turizm sənayesində kommunikasiya bacarıqlarının strateji əhəmiyyəti, Çin bazarının dünya turizmində artan mövqeyi, qlobal turizm tendensiyalarında dil hazırlığının rolu və bu istiqamətdə gələcək perspektivlər ətrafında geniş müzakirələr aparılıb. Tələbələrin aktiv iştirakı ilə keçən tədbir qarşılıqlı sual-cavab sessiyası və fikir mübadiləsi ilə yadda qalıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində əmək bazarının tələblərinə uyğun kompetensiyaların inkişafı, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, dayanıqlı bilik mühitinin formalaşdırılması və tələbəyönümlü praktik təlim təşəbbüslərinin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət davam etdirilir.