MDU-da ustad dərs: Turbinlərin tənzimlənməsi

2023-cü ilin dekabrın 14-də Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dəstəyi ilə növbəti ustad dərs keçirilib.

MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilən ustad dərs “Turbinlərin tənzimlənməsi” fənni üzrə mövzuları əhatə edib. Dərsdə universitetin bir qrup akademik heyət üzvü və “İstilik energetikası mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər.

İnteraktiv şəkildə təşkil olunan ustad dərsdə Qazi Universitetinin Texnoloji fakültəsinin “Enerji mühəndisliyi” bölməsinin professoru Adem Acır mövzu ilə bağlı təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Dərsdə, həmçinin fənnin sillabusunun təkmilləşdirilməsi və tədrisinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ustad dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, cari tədris ilindən MDU-da magistratura səviyyəsində tədris olunan fənlər üzrə tərəfdaş Türkiyə universitetlərinin dəstəyi ilə ustad dərslərə başlanılıb. Əsas məqsəd universitetdə magistratura təhsilinin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də müvafiq ixtisaslar üzrə təhsil alanların və təhsil verənlərin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Ustad dərslərlə bağlı təşkilati işlərə MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professorlar Cemal Yılmaz və Evren Güçer koordinatorluq edirlər.