MDU-da növbəti ustad dərs: Uzaq elektrik ötürməsi

2023-cü ilin dekabrın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib. “Uzaq elektrik ötürməsi” fənni üzrə hibrid formatda təşkil edilən ustad dərsdə universitetin bir qrup akademik heyət üzvü və “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər.

İnteraktiv şəkildə keçən ustad dərsdə Türkiyənin Düzce Universitetinin Mühəndislik fakültəsinin Elektrik və elektronika mühəndisliyi bölməsinin professoru, Lisansüstü Təhsil İnstitutunun direktoru Uğur Güvenç mövzu barədə təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Dərsdə, həmçinin “Uzaq elektrik ötürməsi” fənninin sillabusunun təkmilləşdirilməsi və tədrisin səmərəliliyinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Ustad dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, süni intellekt, elektrik enerjisi sistemləri və optimallaşdırma sahələrində tanınmış professor U.Güvenç 2022-ci ildə ABŞ-ın Stanford Universiteti tərəfindən hazırlanan dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıb.

Qardaş Türkiyə universitetlərinin dəstəyi ilə cari tədris ilindən etibarən MDU-da təşkil edilən silsilə ustad dərslərin əsas məqsədi magistratura təhsilinin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də müvafiq ixtisaslar üzrə təhsil alanların və təhsil verənlərin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Ustad dərslərlə bağlı təşkilati işlərə MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professorlar Cemal Yılmaz və Evren Güçer koordinatorluq edirlər.