Mingəçevir Dövlət Universitetində ustad dərslərə başlanılıb

Mingəçevir Dövlət Universitetində (MDU) tərəfdaş Türkiyə universitetlərinin dəstəyi ilə bu ali təhsil müəssisəsinin magistrantları və akademik heyət üzvləri üçün ustad dərslərə start verilib.

MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda ustad dərslərin keçirilməsi universitetdə magistratura səviyyəsində tədrisin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də təhsil alanların və təhsil verənlərin bilik və bacarıqlarının artırılmasına töhfə məqsədi daşıyır.

İlk dərs Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin “Elektrik və elektronika mühəndisliyi” bölümünün professoru Hasan Hüseyin Sayan tərəfindən “Məktəb riyaziyyat kursunda triqonometrik tənliklər və bərabərsizliklərin həlli metodikası” fənni üzrə təşkil edilib. Ustad dərsdə universitetin bir qrup akademik heyət üzvü və “Riyaziyyat müəllimliyi” ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər.

İnteraktiv şəkildə təşkil olunan ustad dərsdə iştirakçıların sualları cavablandırılıb. Dərsdə, həmçinin fənnin sillabusunun təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ustad dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da ustad dərslər cari tədris ili ərzində digər fənlər üzrə də davam etdiriləcəkdir. Ustad dərslərlərlə bağlı tərəfdaş universitetlər arasında təşkilati işlərə Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaz koordinatorluq edir.