Tələbələrlə məktəblilər Aprel döyüşlərinin ildönümünü birgə qeyd edib

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin tələbələri 2024-cü ilin fevral ayından etibarən MDU-nun tədris planına uyğun olaraq Mingəçevir şəhərinin müxtəlif ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında təcrübə keçirlər.

İstedadlı tələbələrimiz təcrübə prosesində öyrənmək və öyrətməklə yanaşı təhkim olunduqları müəssisələrin ictimai işlərində də fəallıq göstərir, əlamətdar günlərlə əlaqədar olraq tədbirlər hazırlayır, intellektual yarışlar təşkil edirlər. 

2024-cü ilin 05 aprelində MDU-nun ˝Riyaziyyat və informatika müəllimliyi˝ ixtisası üzrə təhsil alan beşinci kurs tələbələri pedaqoji təcrübədə olduqları Mingəçevir şəhər M.Hüseynzadə adına  3 saylı tam orta məktəbdə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir təşkil ediblər. Tədbirdə şagirdlər, məktəb və universitet əməkdaşları, valideynlər iştirak edib.

Əvvəlcə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib. Sonra Aprel şəhidlərinə həsr olunan videoçarx nümayiş etdirilib.

Təcrübə rəhbəri Səadət Aslanovanın dəstəyilə Rİ19.1, Rİ19.2 qrup tələbələri Ağasif Hüseynov, Əfsanə Kərimli, Şahnaz Həmidli, Bənövşə İsayeva, Nərmin Məmmədova, Nigar Əmirova, İlahə İsaqovanın hazırladığı tədbirdə məktəbin 6, 7 və 8-ci sinif şagirdləri iştirak edib.

Tələbələrin köməyi ilə məktəblilər Vətənin qəhrəman oğullarına həsr edilmiş şeirlər səsləndirib, mahnılar ifa edib, döyüş meydanını əks etdirən, həyəcanlı qələbə sevinci yaşayan xalqın duyğularını nümayiş etdirən səhnəciklər göstəriblər.

Təcrübədə olan tələbələrin bilik və bacarıqları məktəb rəhbərliyi tərəfindən müsbət qarşılanıb, onların təcrübə rəhbərinə, eləcə də MDU-nun müəllim heyətinə minnətdarlıq çatdırılıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir. Həmçinin adət halını alımış bu ənənə əməkdaşların və tələbələrin universitetdən kənar fəaliyyətlərinə də şamil edilir.