Mingəçevir Dövlət Universiteti və Mingəçevir Şəhəri Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi Ekoloji Təhlükəsizlik və Yaşıllaşdırma üzrə Strateji Əməkdaşlığa Start Verib

Mingəçevir Dövlət Universiteti dayanıqlı inkişaf, yaşıl kampus idarəçiliyi, ekoloji təhlükəsizlik və şəhər ekosisteminin qorunması istiqamətində həyata keçirdiyi institusional fəaliyyətlərini daha da genişləndirir. Universitetin “Green Campus” strategiyası və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq Mingəçevir Şəhəri Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi ilə strateji əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanmış memorandum şəhər mühitinin ekoloji cəhətdən sağlamlaşdırılması, urban dayanıqlılığın gücləndirilməsi, yaşıllıq zonalarının genişləndirilməsi, tullantıların düzgün idarə olunması, biomüxtəlifliyin qorunması və ekoloji maarifləndirmə istiqamətində universitet–şəhər əməkdaşlığının yeni mərhələsini formalaşdırır.

Memorandum çərçivəsində tərəflər tərəfindən ağacəkmə aksiyalarının təşkili, şəhərin müxtəlif ərazilərində yaşıllaşdırma işlərinin həyata keçirilməsi, MDU-nun “Green Campus” konsepsiyası üzrə yaşıl zonalarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunmasına dair birgə təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində həmçinin sanitar təmizlik və tullantıların idarə olunması sahəsində innovativ yanaşmaların tətbiqi, tullantıların çeşidlənməsi və təkrar emal mədəniyyətinin təşviqi, ekoloji gigiyena və şəhər təmizliyi ilə bağlı maarifləndirmə kampaniyalarının təşkili planlaşdırılır. Universitet ərazisində və ictimai məkanlarda təmizlik aksiyalarının keçirilməsi, ekoloji təhlükəsizlik və sanitariya istiqamətində praktiki bilik mübadiləsinin aparılması əməkdaşlığın əsas prioritet istiqamətlərindən biri olacaq.

Memorandum tələbələrin praktiki fəaliyyətlərə və ictimai təşəbbüslərə daha fəal şəkildə cəlb edilməsini də nəzərdə tutur. Bu çərçivədə MDU tələbələri ekoloji layihələrdə, monitorinq fəaliyyətlərində, könüllülük proqramlarında və şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş sosial aksiyalarda iştirak edəcəklər. Eyni zamanda ekologiya, yaşıl iqtisadiyyat, dayanıqlı inkişaf və şəhər mühiti ilə bağlı seminarlar, açıq mühazirələr və elmi tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, sənəddə dayanıqlılıq və innovasiya komponentlərinə xüsusi diqqət ayrılıb. Belə ki, resurslardan səmərəli istifadə, ekoloji məsuliyyət prinsiplərinin təşviqi, yaşıl dünya və şəhər dayanıqlılığı istiqamətində innovativ təşəbbüslərin dəstəklənməsi memorandumun əsas strateji istiqamətləri sırasında yer alır.