Yeni tədris ilinin başlanması münasibətilə MDU kollektivi ilə görüş keçirilib

  • Post category:MDU xəbərləri

2023-cü ilin sentyabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin başlaması münasibətilə akademik və inzibati heyət üzvləri ilə görüş keçirilib.

Yeni tədris ilinin başlaması münasibətilə əməkdaşları təbrik edən MDU-nun rektoru Şahin Bayramov son dövrdə universitetin müasirləşməsi istiqamətində atılan önəmli addımlardan bəhs edib. MDU-nun missiyası, vizyonu və strateji hədəflərini qeyd edən rektor yeni dövrün universitetinə çevrilmə yolunda qarşıda duran başlıca vəzifələri diqqətə çatdırıb. Bildirib ki, universitetdə “Keyfiyyət ili” elan edilən cari tədris ili çərçivəsində görüləcək işlər MDU-da kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi baxımından əhəmiyyətli olacaqdır. Ötən tədris illəri ərzində qurulan faydalı əməkdaşlıqların, yaradılan çoxşaxəli imkanların daha da genişləndirilməsinin vacibliyindən danışan Ş.Bayramov bütün bunların universitetin potensialının gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Habelə, MDU-nun tədris, elm, innovasiya və sosialyönümlü fəaliyyətlərinə toxunan Ş.Bayramov cari tədris ilində bununla bağlı sturuktur və bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verib və kollektiv üzvlərinə uğurlar arzulayıb.

Görüş cari tədris ilində nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi barədə fikir mübadiləsi ilə davam edib.