Zəfər Gününə həsr olunan ədəbi-bədii gecə keçirilib

  • Post category:MDU xəbərləri

2022-ci ilin 5 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, MDU-nun akademik və inzibati heyəti, İctimai Nəzarət Şurasının üzvləri, KİV nümayəndələri, tələbə və magistrantlar iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova əlamətdar tarixi gün münasibətilə təbriklərini çatdırıb. Qeyd edilib ki, 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman Azərbaycan əsgər və zabitlərinin şücaəti sayəsində parlaq tarixi Zəfərlə başa çatdı. Vətənə, dövlətə və xalqa bağlı layiqli mütəxəssis kadrların yetişdirilməsinin ali təhsil müəssiələri qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdıran E.Cəfərova bu baxımdan Zəfər Günü çərçivəsində MDU-da keçirilən çoxsaylı müxtəlif formatlı tədbirlərin önəmini vurğulayıb. Qəhrəmanlıq salnaməsinin yazıldığı şanlı Qarabağ Zəfərinin ikinci ildönümünə həsr olunan ədəbi-bədii gecənin tələbələrdə vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə hədəfləndiyini qeyd edən kafedra müdiri TGT-nin bu təşəbbüsünü müsbət dəyərləndirib və tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.

Sonra, şəhid leytenant Eldar Həsənlinin həyat yoldaşı, MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Fəridə Həsənlinin aparıcılığı ilə tədbir bədii hissə ilə davam edib. MDU-nun əməkdaşları və tələbələrinin ifasında tarixi Zəfər, Qarabağ və vətənpərvərlik mövzusunda müxtəlif musiqilər və şeirlər səsləndirilib, rəqs nümunələri və ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə MDU-da müxtəlif formatlı silsilə tədbirlər davam etdirilir.