Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan mühazirə keçirilib

  • Post category:MDU xəbərləri

2023-cü il aprelin 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Zərifə Əliyeva: ziyalılıq və xeyirxahlıq nümunəsi” mövzusunda mühazirə keçirilib. Mühazirədə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova əsl Azərbaycan xanımı, görkəmli elm adamı, oftalmologiya sahəsinin peşəkarı, şəfqətli həkim, ümummilli lider Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı və ölkəmizə müzəffər sərkərdə, lider bəxş edən qayğıkeş ana Zərifə Əliyevanın yüksək insani dəyərlərə sahib olmasından danışıb. Görkəmli alimin ölkəmizdə tibbin inkişafına əhəmiyyətli töhfələr verdiyi, həkimlik etikasını daim diqqət mərkəzində saxladığı və oftalmologiya sahəsində sanballı elmi əsərləri ilə böyük təqdirlə qarşılandığı vurğulanıb. Dəyərli ziyalının nümunəvi həyat yolu və peşəkar fəaliyyətinin gənclər arasında təbliğinin önəmindən danışan kafedra müdiri mühazirənin əhəmiyyətini diqqətə çatdırıb. 

Sonra, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib.

Daha sonra, MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşı Günel Yunusova məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan oftalmologiya elmi məktəbinin banisi, Əməkdar elm xadimi Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolundan, tibb elminin inkişafındakı misilsiz xidmətlərindən və Ulu Öndərin onunla bağlı xatirələrindən bəhs olunub. Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb.