MDU kollektivi Şəhidlər Xiyabanı və şəhid ailələrini ziyarət edib

2024-cü il 2, 3 və 4 aprel tarixlərində Aprel döyüşlərinin ildönümü ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə MDU-nun bir qrup əməkdaşı və tələbələri Şəhidlər Xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoyublar. Ziyarət zamanı gənclərə Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüşlərdə göstərdikləri şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən bəhs edilib. Tələbələr şəhidlərin əziz xatirəsini hər zaman uca tutacaqlarını bildiriblər.

Həmçinin cari ildə aprelin 2-də Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş Teymur Qasımov, Rahim Tağıyev, Adil Adilzadə və Rüstəm Əhmədovun ailə üzvlərilə görüşülüb, şəhidlərin əziz xatirəsi birlikdə yad edilib.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi diqqət mərkəzində saxlanılır.