You are currently viewing Təcrübəli professor-müəllimlərlə “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” müzakirə olunub

Təcrübəli professor-müəllimlərlə “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” müzakirə olunub

  • Post category:MDU xəbərləri

2024-cü ilin fevralın 21-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisənini təcrübəli professor-müəllimləri ilə görüşərək “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”nı müzakirə edib.

MDU-nun inkişafında əməyi olan müəllimlərin təcrübəsindən faydalanmağa, onların dəstəyinə və töhfələrinə ehtiyac duyulduğunu bildirən rektor bildirib ki, “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” MDU-nu yeni dövrün universitetinə çevirməyi, Mingəçevir şəhəri və ətraf regionların inkişafına töhfə verməyi, ölkənin qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərməyi və nəticəyönümlü elmi tədqiqatların aparılmasına nail olmağı hədəfləyir.

O, qeyd edib ki, bu sənədin hazırlanması zamanı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, Azərbaycanda təhsilin inkişafı ilə bağlı müəyyən edilmiş dövlət siyasəti, milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan trendlər, MDU-nun real və potensial imkanları nəzərə alınıb.

Ş.Bayramov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasından sonra yaranmış yeni reallıqlar kontekstində və əzəli ərazilərimizə “Böyük Qayıdış” fonunda  Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalar da daxil olmaqla bütün sahələrdə işləyəcək gələcək yüksəkixtisaslı kadrların hazırlanması sahəsində Qarabağa ən yaxın region universiteti olaraq MDU-nun kollektivinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.

Təqdimatdan sonra təcrübəli müəllimlərlə strategiyada nəzərdə tutulan məqsəd, hədəf və fəaliyyətlər barədə geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib. Təcrübəli əməkdaşlar gələcəyə doğru iri addımlarla irəliləməkdə olan, yeni dövrün universitetinə çevrilən MDU-nun kollektivinin, tərəfdaşlarının, çoxsaylı məzunlarının birgə səyləri sayəsində reallaşdıracaq olan bu strategiyanın uğurla icrasında fəal iştirak edəcəklərini bildirib və bu yolda hamıya uğurlar arzulayııblar.