MDU-da 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə bədii tədbir keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə xüsusi bədii tədbir təşkil olunub. Mingəçevir “Uşaq və Ailələrə Dəstək Mərkəzi”nin təşkilatçılığı ilə baş tutan tədbir mərkəzin yaradıcısı, görkəmli sosial layihə rəhbəri, xeyriyyəçi və ictimaiyyət nümayəndəsi Mehman Kərimovun xatirəsinə həsr edilib.

Tədbirdə Mehman Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub və onun haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbirin açılışında MDU-nun rektoru Anar Eminov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov və Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış edərək əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların sosial rifahının yüksəldilməsi və inklüziv mühitin formalaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl siyasətə diqqət çəkiblər.

Qeyd olunub ki, 3 dekabr 1992-ci ildə BMT Baş Məclisinin qərarı ilə “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi təsis edilib və məqsəd əlillik məsələlərinə ictimai diqqəti artırmaq, bu kateqoriyadan olan insanların hüquqlarını müdafiə etməkdir. Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu siyasət bu gün də uğurla davam etdirilir.

Daha sonra tədbirin bədii hissəsinə start verilib. Sağlamlıq imkanları məhdud uşaqların ifasında səhnəciklər, musiqi nömrələri, şeirlər və rəqs kompozisiyaları nümayiş olunub. Tərbiyəçi-müəllimlərin və valideynlərin əməkdaşlığı ilə hazırlanan çıxışlar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.