MDU tələbələri Vergi Məcəlləsinə edilən dəyişikliklə bağlı
maarifləndirici tədbirdə iştirak edib
Mingəçevir Bələdiyyəsinin akt zalında 11 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları vergi ödəyicilərinin maarifləndirilməsi istiqamətində tədbir keçirib. Tədbirdə Mingəçevir şəhərində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin, hüquqi və fiziki vergi ödəyicilərinin məsul nümayəndələri və Mingəçevir Dövlət Universitetinin tələbə və müəllimlərdən ibarət nümayəndə heyəti iştirak edib.
11 saylı Ərazi Vergilər Departamenti Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin direktoru Qüdrət Məmmədov qeyd edib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində aşağıdakı 5 əsas istiqamət üzrə mühüm dəyişikliklər edilmişdir:
• Sahibkarlığın dəstəklənməsi;
• Vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması;
• Vergitutma bazasının genişləndirilməsi;
• Vergi inzibatçılığının təkmilləşdirilməsi;
• Vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.
Qüdrət Məmmədov bildirib ki, dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilir. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.
İdarə direktoru bildirib ki, sənədə əsasən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır.
Həmşinin sənəddə o da bildirilir ki, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir.
Sənədə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılacaq.
Bu mallara görə asksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.
Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək.
Dəyişiklik layihəsinə əsasən ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olunur. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdrilimiş vergi dərəcəsi isə saxlanılır.
Qüdrət Məmmədov bildirib ki, digər dəyişikliyə əsasən, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.
Qeyd edək ki, hazırda isə bu vergi Bakı şəhəri üzrə 4%, digər şəhər, rayon və Naxçıvan MR-da 2%-dir.
Digər dəyişikliklə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarıla bilər.
Bundan başqa, Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəətin 3 il müddətinə vergidən azad olunması təsdiqini tapıb.
İdarə direktoru bildirib ki, Məcəlləyə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50%-i, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i vergidən azad olunanlar siyahısına əlavə olunur.
Bundan başqa, kiçik və orta biznes klaster şirkətinin mənfəəti – kiçik və orta biznes klaster şirkətinin kiçik və orta biznes klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə, kiçik və orta biznes klasterin iştirakçısı olan hüquqi şəxsin kiçik və orta biznes klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə vergidən azad ediləcək.
Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin direktoru Qüdrət Məmmədov bildirib ki, həmçinin, dəyişikliyə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar. Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ – 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.
Bundan başqa, sadələşdirilmiş vergi təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.
Sonda 11 saylı Ərazi Vergilər Departamenti Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin direktoru Qüdrət Məmmədov Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilən dəyişikliklərlə bağlı maarifləndirici tədbirdə iştirak edən vergi ödəyicilərinin və tələbələrin çoxsaylı suallarını cavablandırıb.
{phocagallery view=category|categoryid=105|limitstart=0|limitcount=0}