Mingəçevir Dövlət Universiteti Erasmus+ layihəsi çərçivəsində tərəfdaşlığını davam etdirir
Mingəçevir Dövlət Universiteti (MDU) Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adoptation of Coastal Ecosystems” – GEOCLIC) layihəsində tərəfdaşlığını davam etdirir.
26 noyabr 2021-ci il tarixində sözügedən beynəlxalq layihə çərçivəsində tərəfdaş universitetlər arasında ”Zoom” platforması üzərindən onlayn formatda təşkil olunan görüşdə MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin mütəxəssisi Sənan Mehdi təqdimatla çıxış edib.
Layihənin icrası ilə bağlı universitetdə görülən işlər barədə məlumat verən S.Mehdi müvafiq ixtisaslar üzrə mövcud tədris proqramlarının təkmilləşdirilməsi, yeni fənlərin yaradılması, proqram və sillabusların müasir standartlara uyğunlaşdırılması məqsədilə qarşıda duran vəzifələri diqqətə çatdırıb və bu istiqamətdə Tədris şöbəsinin strukturuna daxil olan Tədrisin Keyfiyyətinə Təminat və Qiymətləndirmə bölməsinin fəaliyyətindən bəhs edib.
Qeyd edək ki, 2020-2024-cü illəri əhatə edən GEOCLIC layihəsi Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin koordinatorluğu ilə həyata keçirilir. Layihədə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Rumıniya, Litva və Niderland universitetləri tərəfdaş kimi iştirak edirlər. Beynəlxalq layihənin əsas məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan mühəndisliyi üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir. Bununla yanaşı, layihə çərçivəsində tərəfdaş universitetlərdə GEOLAB təchizatlı innovasiya laboratoriyalarının və virtual otaqların yaradılması nəzərdə tutulub.
Hazırda MDU-da “Erasmus+” proqramı çərçivəsində həm potensialın gücləndirilməsi, həm də tələbə və müəllim mübadiləsi layihələrində fəal iştiraka xüsusi diqqət yetirilir.